“Azərbaycan Milli Ordusu-108: İstiqlalın və dövlətçiliyin dayağı” - dəyirmi masa
Bakı, 25 iyun, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Milli Ordusu-108: İstiqlalın və dövlətçiliyin dayağı” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev qədim və orta əsr Azərbaycan dövlətlərində ordu quruculuğu ənənələrindən, çar Rusiyası və sovet dövründə azərbaycanlıların hərbi xidmətdə iştirakından, İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. O, müstəqilliyin bərpasından sonra Azərbaycan Ordusunun formalaşması, Qarabağ müharibəsi dövründə həyata keçirilən ordu quruculuğu tədbirləri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və hərbi qulluqçularımızın şücaəti barədə danışıb. İ.Niftəliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir hərb tarixinin ən parlaq səhifələrini yazıb.
Direktor müavini Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında, milli dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan hərbi əməliyyatlarla 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri arasında müqayisələr aparıb.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Kamran İsmayılov “Milli Ordunun yaradılması - Azərbaycan dövlətçiliyinin mühüm amili kimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun formalaşdırılması istiqamətində görülən işlərdən, Cümhuriyyət ordusunun 1918-ci ilin iyunundan 1920-ci ilin aprelinədək keçdiyi döyüş yolundan və Qafqaz İslam Ordusunun Bakının azad edilməsində oynadığı roldan bəhs olunub.
Aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyəti ordusunda ideoloji işin təşkili” mövzusunda məruzəsində milli hərbi düşüncənin və vətənpərvərlik ruhunun formalaşdırılması məsələlərinə toxunub.
Böyük elmi işçi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova isə “Şəmkir hadisələri Azərbaycan Milli Ordu hissələrinin təşəkkül tapması prosesində mühüm mərhələ kimi” mövzusunda çıxış edərək həmin hadisələrin milli hərbi hissələrin yaradılmasındakı əhəmiyyətindən danışıb.
Dəyirmi masada Qafqaz tarixi şöbəsinin müdiri professor Qasım Hacıyev, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Vaqif Abışov, institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev də çıxış ediblər. Natiqlər 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdıraraq bu günün Azərbaycan tarixindəki əhəmiyyətindən, Milli Ordu quruculuğu prosesindən və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən danışıblar.