“Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabının təqdimatı olub
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabının təqdim edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova kitab haqqında ümumi məlumat verib, muzeyin tarixi və bugünkü fəaliyyəti barədə danışıb. Bildirib ki, bu kitab Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə dərc olunub. Nəşrdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, Rusiya Etnoqrafiya Muzeyinin (Sankt-Peterburq ş.) və alim-etnoqraf Həsən Quliyevin arxivlərindən şəkillər istifadə olunub.
“Bu, çox nadir bir kitabdır. Bundan əvvəl bu sahə üzrə dərin elmi araşdırmalar aparılmamışdır. Biz çalışdıq ki, bu kitabda xalça məmulatları haqqında geniş və hərtərəfli məlumat verək”, - deyə Ş.Məlikova qeyd edib.
Sonra müəlliflər - Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova muzeyin yeni nəşri, onun ərsəyə gəlməsi, apardıqları araşdırmalar, kolleksiyanın mahiyyəti və digər məqamlar barədə ətraflı məlumat veriblər.
Təqdimat müzakirələrlə davam etdirilib.