AZƏRBAYCAN MUSİQİSİ İRANDA HƏRARƏTLƏ QARŞILANMIŞDIR
R.Quliyev İrana növbəti səfərindən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşmüşdür: “Dost və qardaş ölkədə dəfələrlə olmuşam. Lakin bu səfərim uzun müddət yaddaşımdan silinməyəcəkdir. İran Dövlət Milli Simfonik Orkestri ilə ilk dəfə idi çıxış edirdim. Orkestrə tanınmış İran bəstəkarı, orkestrin bədii rəhbəri Fərhad Fəxrəddini dirijorluq edirdi.
Xalq artisti, professor Lütviyar İmanovla Tehranın ən iri konsert salonlarından biri sayılan “Təlar-Vəhdət” salonunda dörd konsert verdik. Mən İranda musiqimizə sonsuz məhəbbətin şahidi oldum. Bütün çıxışlarımız hərarətlə qarşılandı, bizi dəfələrlə səhnəyə dəvət etdilər.
İlk konsertimiz dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə, ikinci konsertimiz isə xalq artisti, professor Tofiq Bakıxanovun 75 illiyinə həsr olunmuşdu. Sonrakı iki konsertdə Fikrət Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun əsərləri, habelə İran Dövlət Milli Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fərhad Fəxrəddininin “Azərbaycan tarı üçün konsert” adlı əsəri səsləndirildi. Sonuncunun təqdimatı gözəl əks-səda doğurdu. Güman edirəm ki, bizim qastrol səfərimiz ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından yeni uğurlu addımdır.
“Qızıl çəng” mükafatının təqdim olunmasını gördüyümüz işlərin məntiqi nəticəsi hesab edirəm”.