Azərbaycan mütəxəssisləri Astanada regional seminarda iştirak ediblər
Astana, 31 oktyabr, AZƏRTAC
Qazaxıstan paytaxtında heyvan mənşəli məhsulların idxalı məsələlərinə dair regional seminar keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi Direktorluğu ilə birgə təşkil olunub.
Seminarda Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti Komitəsinin nümayəndələri ilə yanaşı, Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak ediblər.
İştirakçılar Aİ-nin heyvan mənşəli məhsullar üçün idxal tələbləri ilə bağlı mühüm məsələləri müzakirə ediblər. Xüsusilə, sanitar və fitosanitar tədbirlər, mikrobioloji təhlükəsizlik məsələləri, o cümlədən pestisidlərin və dərmanların məqbul səviyyələri nəzərdən keçirilib.
Seminar zamanı sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər razılaşdırılıb. Bu, qarşılıqlı etimadın artırılmasına kömək etməli və ölkələr arasında ticarət əlaqələrinin inkişafı üçün əlverişli şərait yaratmalıdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana