AZƏRBAYCAN NATO İLƏ ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR
NATO-nun İctimai Diplomatiya Bölməsinin Azərbaycan ilə sıx əməkdaşlıq etdiyini vurğulayan J.Furne, Bakıda keçirilən NATO həftəsini, Avratlantika İnformasiya Mərkəzinin açılışını bu əməkdaşlığın təcəssümü olduğunu bildirmişdir.
E.Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi önəm verdiyini söyləmişdir.
Avratlantika strukturları ilə əlaqələrin genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən olduğunu qeyd edən nazir, bu sahədə ictimai əlaqələrin rolunu xüsusi vurğulamışdır.
Cənubi Qafqazda sabitliyin bu əməkdaşlıq üçün əsas amil olduğunu nəzərə çatdıran E.Məmmədyarov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda təhlükəsizliyə maneə yaratdığını qeyd etmişdir. Həmçinin, münaqişənin qlobal enerji və digər layihələrin həyata keçirilməsinə də əngəl törətdiyi diqqətə çatdırılmışdır.
Nazir Azərbaycanda təhsilə göstərilən yüksək diqqətdən danışaraq, bu sahəyə böyük məbləğdə sərmayə qoyulduğunu, həmin sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətini xüsusi vurğulamışdır.
E.Məmmədyarov Xarici İşlər Nazirliyinin nəzdində yaradılacaq Diplomatiya Akademiyası haqqında məlumat vermişdir. Jan Furne akademiyanın yaradılması təşəbbüsünü yüksək qiymətləndirərək, bu sahədə NATO-nun İctimai Diplomatiya Bölməsinin əməkdaşlığa hazır olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.