Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
Daşkənd, 24 noyabr, АZƏRTAC
Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində “İnsan hüquqları sahəsində inkişafın müqayisəli göstəricilərinin ölçülməsi: beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan İnsan Hüquqları üzrə Milli Mərkəzi, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı və qurumun İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın ombudsmanları, Azərbaycanın və Polşanın Ombudsman institutlarının nümayəndələri iştirak ediblər.
Konfransda insan hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübə, insan hüquqları və azadlıqlarının, xüsusilə vətəndaş, siyasi, sosial, iqtisadi, mədəni azadlıqlarının, həmçinin qloballaşma və informasiya texnologiyaları dövründə hüquq və azadlıqların təmin edilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbirdə, həmçinin Özbəkistanda insan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq mexanizmlər, insan hüquqları üzrə milli institutlara verilən beynəlxalq qiymət, gender bərabərliyinin və insan hüquqlarının təmin olunmasının səmərəliliyi məsələləri müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd