İQTİSADİYYAT
Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub
![](/files/galleryphoto/2023/3/1200x630/16966652604431839159_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16966652603375724464_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16966652604297731925_1200x630.jpg)
Bakı, 7 oktyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Kibertəhlükəsizlik Mərkəzinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik Sammiti - Mərkəzi Avrasiya” (CSS 2023) tədbiri (https://www.cybersecuritycentraleurasia.com/) keçirilib. Azərbaycan nümayəndə heyəti tədbirdə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi tərəfdaşı kimi çıxış etmiş Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə baş idarə rəisi Azər Əhədov və idarə rəisi Tural Məmmədov tərəfindən təmsil olunub.
Tədbirin əsas hissəsini əhatə etmiş konfransın əsas mövzusunu “Rəqəmsal Mərkəzi Avrasiya üçün Kibertəhlükəsizlik” təşkil edib. İki gün davam etmiş konfransda region ölkələrinin kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən aidiyyəti qurumlarının və şirkətlərinin rəhbər vəzifəli nümayəndələrinin və mütəxəssislərinin çıxışı dinlənilib, eləcə də müxtəlif yerli və xarici şirkətlərin innovativ həll və texnologiyaların təqdimatı həyata keçirilib. Konfrans zamanı kibertəhdidlərin və müasir müdafiə vasitələrinin gələcək inkişafı, Özbəkistan və bir sıra digər ölkələrin müvafiq qurumları arasında kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin təşkili, kibertəhlükəsizlik sahəsində siyasət və inkişaf strategiyası sahəsində əməkdaşlıq istiqamətləri və sair aidiyyəti mövzular ətrafında müzakirələr aparılıb.
İki gün davam edən beynəlxalq tədbir çərçivəsində innovativ həll və texnologiyaların təqdimatı və müvafiq sərgi, o cümlədən hər biri 5 nəfərdən ibarət olmaqla 10 komanda arasında kibertəhlükəsizlik sahəsində yarış həyata keçirilib.