AZƏRBAYCAN POLİTOLOQU ÇİNLİ HƏMKARLARINA MƏNƏVİ TRASECA LAYİHƏSİNİ TƏKLİF EDİR
İnstitutun direktoru professor Rövşən Mustafayev qonaqlara - aparıcı ekspert, professor Van Li Dzyu, MDB üzrə ekspert Din Syao Sin və ABŞ üzrə ekspert Van Xun Kana rəhbərlik etdiyi elmi müəssisə, onun strukturu, beynəlxalq əlaqələri, reallaşdırdığı layihələr barədə məlumat vermişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı söhbət açmış, hər iki dost ölkə üçün xarakterik olan ümumi problemləri xatırlatmış, rəsmi Bakının Tayvan problemində Çini dəstəklədiyini vurğulamış, “Şanxay qrupu”nun Qarabağ münaqişəsinə diqqət yetirməsini arzulamışdır.
R.Mustafayev qonaqlara bu günlərdə başa çatmış parlament seçkiləri barədə də məlumat vermiş, bəzi avropalı müşahidəçilərin seçkiləri müşahidə etmək əvəzinə, siyasi fəaliyyətlə məşğul olduğunu, müxalifəti küçələrə çağırdığını xatırlatmışdır.
Daha sonra o, ölkələrimizi birləşdirən tarixi Böyük İpək yolunun bərpası layihəsindən (TRASECA) söhbət açmış, çinli həmkarlarına birlikdə mənəvi TRASECA layihəsini reallaşdırmağı, biopolyarlığın qeyri-siyasi, mədəni modelini yaratmağı təklif etmiş, layihə çərçivəsində tədqiqata cəlb edilməli təxmini mövzuları sadalamışdır.
Van Li Dzyu təmsil etdiyi elm ocağı haqqında danışmış, qədim sivilizasiya mərkəzlərindən olan ölkəsinin iqtisadiyyat və cəmiyyət, daxili və xarici bazar, şəhər və kənd arasında ahəngdarlığa nail olmaq, xarici siyasətdə digər dövlətlərlə yaxşı münasibətlər yaratmaq niyyətindən, bu sahədə əldə olunmuş nailiyyətlərdən danışmışdır. Həmkarının təklifinə isə cavabı çox lakonik olmuşdur: “Bu gündən əməkdaşlığımız başlayır”.
Qonaqlara institutun nəşri olan kitablar hədiyyə edilmişdir.