AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ KONQRESİNİN SENATORU BOB KORKERİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də ABŞ Konqresinin senatoru Bob Korkeri qəbul etmişdir.
Senator Bob Korker prezident seçkilərində qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini yetirdi. Ölkəmizə səfərin böyük maraq doğurduğunu deyən Bob Korker Azərbaycanın Əfqanıstanda və İraqda aparılan antiterror əməliyyatlarında fəal iştirakını yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında əməkdaşlığın çox geniş sahələri əhatə etdiyini və bu əməkdaşlığın əhəmiyyətli olduğunu söylədi. Ölkə haqqında ətraflı məlumata malik olmaq üçün səfərlərin böyük önəm daşıdığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, ilk dəfə Azərbaycana gəlmiş qonağın bu səfəri ölkəmizlə yaxından tanışlıq baxımından faydalı olacaqdır.
######
