AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasil Todorov Kalinovun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vasil Todorov Kalinov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, məsləhətləşmələrin əlaqələrin dinamik inkişafına xidmət etdiyini vurğuladı. Dövlətimizin başçısı səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində də Azərbaycanla Bolqarıstan arasında əlaqələrin inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirdi.
Vasil Todorov Kalinov Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarını dövlətimizin başçısına yetirdi. O dedi ki, Bolqarıstanın rəhbəri cənab İlham Əliyevə Prezidentliyi dövründə ölkədə bütün sahələrdə, o cümlədən demokratiya sahəsində əldə olunan inkişaf münasibətilə təbriklərini çatdırır və bu işdə dövlətimizin başçısına və xalqımıza yeni-yeni uğurlar arzulayır. Bolqarıstanın regionda sabitliyin tərəfdarı olduğunu bildirən səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını ona çatdırmağı xahiş etdi.
######
