AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYA PARLAMENTİ İCMALAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Prezident sarayında Böyük Britaniya
parlamenti İcmalar palatasının Xarici əlaqələr komitəsinin sədri Mayk Qeypsin rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul etmişdir.
Mayk Qeyps Azərbaycanda gedən inkişaf proseslərinin onlarda böyük maraq doğurduğunu qeyd etdi. O, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə yaxından əməkdaşlıq etdiklərini bildirdi. Qonaq Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilmiş qlobal enerji layihələrində Böyük Britaniyanın bp şirkətinin iştirakından məmnun olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını və bunun ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verdiyini bildirdi. O, Azərbaycanın neft strategiyasının həyata keçirilməyə başlandığı dövrdən Böyük Britaniyanın bp şirkətinin bu işdə çox fəal iştirak etdiyini vurğuladı. Prezident İlham Əliyev bu səfərin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı olacağına əminliyini söylədi.