AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BP-NİN AZƏRBAYCANDAKI BAŞ TƏMSİLÇİ PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Prezident sarayında bp-nin Azərbaycandakı baş təmsilçi prezidenti Devid Vudvordu qəbul etmişdir.
Azərbaycan ilə bp arasında əməkdaşlığın daim inkişaf etdiyini bildirən dövlətimizin başçısı Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” kimi qlobal enerji layihələrinin həyata keçirilməsi işinin çox uğurla getdiyini vurğuladı.
Azərbaycanda böyük inkişafın əldə olunduğunu bildirən Prezident İlham Əliyev Dövlət Neft Fondundan ayrılan vəsaitlərdən sosial proqramların həyata keçirilməsi, xəstəxanaların, məktəblərin inşası məqsədi ilə istifadə edildiyini nəzərə çarpdırdı. Dövlətimizin başçısı bütün bunları birgə fəaliyyətin uğurlu nəticələri kimi dəyərləndirdi.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Azərbaycanın bu şirkətlə əməkdaşlığı bundan sonra da genişlənəcəkdir.
Cənab Devid Vudvord 2005-ci ildə əldə olunmuş nailiyyətlər, növbəti il üçün planlaşdırılmış işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, bu ilin əməkdaşlıq baxımından çox uğurlu olduğunu söylədi. 2005-ci ilin may ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə ilk neftin vurulduğunu xatırladan Devid Vudvord bu il üçün nəzərdə tutulan planların artıqlaması ilə yerinə yetirildiyini məmnunluqla vurğuladı.