AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ESTONİYA PARLAMENTİ SƏDRİNİN MÜAVİNİ KRİSTİNA OYULANDI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Estoniya Parlamenti sədrinin müavini Kristina Oyulandı qəbul etmişdir.
Xanım Kristina Oyuland Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi. Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu bildirən Kristina Oyuland ölkəmizdə keçiriləcək “Bakutel-2008” 14-cü Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğuladı, Estoniyanın bu tədbirə böyük maraq göstərdiyini və sərgidə təmsil olunduğunu söylədi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı son illər Azərbaycanda bir çox beynəlxalq konfrans və sərgilərin keçirildiyini və bu sahədə ölkəmizin artıq zəngin təcrübəyə malik olduğunu vurğuladı. “Bakutel-2008” 14-cü Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən söhbət açan Prezident İlham Əliyev tədbirin bu sahədə görülmüş işlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını dedi.
######
