AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “GLOBAL STEEL” ŞİRKƏTİNİN PREZİDENTİ PROMOD MİTTALI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Prezident sarayında “Global Steel” şirkətinin prezidenti Promod Mittalı qəbul etmişdir.
Promod Mittal Azərbaycanda iqtisadiyyatın inkişafı sahəsində olduqca böyük nailiyyətlərin əldə edildiyini söylədi. Ölkəmizin iştirakı ilə həyata keçirilmiş qlobal enerji layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin Azərbaycanı iqtisadi cəhətdən daha da gücləndirəcəyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının son illərdə yüksək sürətlə inkişaf etdiyini qeyd etdi. Gələcək illərdə neft və qaz çıxarılmasının daha da artması ilə ölkəmizin enerji daşıyıcılarının mühüm hasilatçısı və ixracçısına çevriləcəyini bildirən Prezident İlham Əliyev bununla yanaşı, qeyri-neft sektorunun da inkişafına böyük diqqət verildiyini vurğuladı.
Görüşdə “Global Steel” şirkətinin Azərbaycan ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.