AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN TƏKBƏTƏK GÖRÜŞÜ
Prezident İlham Əliyev Ukraynaya dövlət səfərinə dəvətə görə Prezident Leonid Kuçmaya minnətdarlıq etdi və ümidvar olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaqdır. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Kiyevdə abidəsinin ucaldılması haqqında qərarına görə Ukrayna rəhbərinə təşəkkürünü bildirərək dedi ki, məhz Heydər Əliyevin və Leonid Kuçmanın səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər sürətlə və uğurla inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişafından, mal dövriyyəsinin səviyyəsindən və bir sıra ikitərəfli layihələrin həyata keçirilməsindən də məmnunluğunu söylədi.
Prezident Leonid Kuçma Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayaraq dedi ki, o, bu böyük insanı daim xatırlayır.
Cənab Kuçma ölkələrimiz arasında münasibətlərin perspektivlərinə toxunaraq əmin olduğunu bildirdi ki, Prezident İlham Əliyevin dövlət səfəri və onun gedişində imzalanacaq sənədlər, o cümlədən dövlət başçılarının imzalayacaqları birgə bəyannamə ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni bir mərhələ olacaqdır.
Görüşdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edildi, beynəlxalq problemlər, GUÖAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparıldı. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxundular. Prezident Leonid Kuçma bildirdi ki, Ukrayna problemin sülh yolu ilə həllinə tərəfdardır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.