AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KALİFORNİYA SENATI VƏ ASSAMBLEYASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Prezident sarayında Kaliforniya senatı və assambleyasının nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin siyasi, iqtisadi, regional təhlükəsizlik, energetika sahələrində uğurlu əməkdaşlıq etdiyini bildirdi. Dövlətimizin başçısı ABŞ hökumətinin Azərbaycanın neft strategiyasını həyata keçirdiyi ilk vaxtlardan, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal enerji layihələrinin reallaşması işinə daim dəstək verdiyini vurğuladı. Prezident İlham Əliyev bu səfərin Azərbaycan haqqında dolğun məlumatın alınması baxımından əhəmiyyətini qeyd edərək dedi ki, Kaliforniya senatı və assambleyası nümayəndə heyətinin səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət göstərəcəkdir.
Kaliforniya senatının səhiyyə komitəsinin sədri xanım Şeyla Kuel rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin yüksək səviyyədə keçdiyini söyləyərək əminliyini vurğuladı ki, bu günlər ərzində Azərbaycan haqqında əldə etdikləri həqiqətlərdən ikitərəfli münasibətlərimizin bütün sahələrində səmərəli istifadə olunacaqdır.