AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ ZİRVƏ TOPLANTISINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 10-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçirilmişdir. Dövlət başçıları əvvəlcə Konstantinov sarayının Danışıqlar pavilyonu qarşısında xatirə şəkli çəkdirmişlər.
Rusiya Prezidenti Vladimir Putin Konstantinov sarayının Mərmər salonunda keçirilən zirvə görüşünü açaraq bildirmişdir ki, dövlət başçılarının budəfəki qeyri-rəsmi sammiti 11-ci Sankt-Peterburq Beynəlxalq iqtisadi forumu ilə eyni vaxta salınmışdır. O, forum kimi, zirvə toplantısının da iqtisadiyyat sahəsində inteqrasiya proseslərinin inkişafına həsr olunmasını arzu etmişdir.
MDB-də sədrlik edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qonaqpərvərliyə və zirvə toplantısının yaxşı təşkilinə görə Vladimir Putinə təşəkkürünü bildirmişdir.
O demişdir ki, MDB çərçivəsində əməkdaşlıq Birlik ölkələrinin xarici siyasətinin mühüm istiqamətlərindəndir. N.Nazarbayev vurğulamışdır ki, zirvə toplantısında MDB-də islahatlar aparılması, onun stukturunun, o cümlədən icra orqanlarının fəallaşdırılması məsələləri müzakirə olunacaqdır. Qazaxıstan Prezidenti bildirmişdir ki, onun ölkəsinin təklifi ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində dövlətlərarası işçi qrupu yaradılmış və o, iyunun 1-dək MDB-nin gələcək inkişaf konsepsiyasının layihəsini hazırlamışdır.
Zirvə toplantısında MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonun qrupun işi haqqında məruzəsi dinlənilmişdir.
MDB-yə sədrlik edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev jurnalistlərə bildirmişdir ki, MDB-də islahatlar aparılması konsepsiyası Birlik ölkələri dövlət başçılarının bu il oktyabrın 5-6-da Düşənbədə keçiriləcək rəsmi zirvə toplantısında müzakirə olunacaqdır.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Rusiyanın “Vesti” telekanalına müsahibə vermişdir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantısı çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşmüşdür.