AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA HESABLAMA PALATASININ SƏDRİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı qonağı salamlayaraq, son illər Azərbaycanla Rusiya Federasiyası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu söyləyərək, Azərbaycanın və Rusiyanın dövlət, hökumət orqanları arasında da əlaqələrin bu səviyyədə inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Bu baxımdan Azərbaycan Prezidenti ölkələrimizin hesablama palataları, habelə hüquq mühafizə orqanları arasında əməkdaşlığın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Bildirildi ki, digər sahələrdə, o cümlədən ticarət, mədəniyyət sahəsində də əlaqələrin durmadan inkişafı Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını göstərir.
Prezident İlham Əliyev bütün bu proseslərin ölkələrimiz arasında tərəfdaşlıq münasibətləri prinsiplərinə cavab verdiyini vurğuladı. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edən Azərbaycan Prezidenti Rusiya Federasiyası Hesablama Palatası rəhbərinin də ölkəmizə növbəti səfərinin bu işə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən Sergey Stepaşin Rusiya Prezidentinin səmimi salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. Əvvəlki səfərləri zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnunluqla xatırlayan S.Stepaşin Prezident İlham Əliyevə dövlət başçısı vəzifəsində fəaliyyəti ilə bağlı uğurlar arzuladı.
Daha sonra qonaq ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycan və Rusiyanın müxtəlif strukturları, o cümlədən hesablama palataları arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. O qeyd etdi ki, Azərbaycan və Rusiya hesablama palatalarının gələn il Moskvada keçirilməsi planlaşdırılan birgə kollegiya iclası bu əlaqələrin daha da inkişafına xidmət edəcəkdir.
Qəbulda Azərbaycan Hesablama Palatasının sədri Namiq Nəsrullayev iştirak edirdi.