AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANINDA APARILAN YENİDƏNQURMA İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Şəhidlər xiyabanında olmuş və burada aparılan yenidənqurma işləri ilə əlaqədar tapşırıqlarını vermişdir.
Prezident İlham Əliyev əvvəlcə Şəhidlər xiyabanında aparılacaq yenidənqurma işlərinin layihəsi ilə tanış oldu.
Xatırladaq ki, Prezidentin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-momerial və memarlıq kompleksləri haqqında” 2007-ci il 2 aprel tarixli Sərəncamında vahid kompleks kimi mərhələ-mərhələ formalaşmış Şəhidlər xiyabanının ümumi görkəminin memarlıq baxımından yenidən işlənməsinə ciddi ehtiyac duyulduğu xüsusi vurğulanmışdır. Sərəncamın imzalanmasının ertəsi günü Prezident İlham Əliyev
Şəhidlər xiyabanında olmuşdu. Dövlətimizin başçısı xatirə kompleksindəki vəziyyətlə diqqətlə tanışlıqdan sonra Bakı Şəhəri İcra Hakimiyyətinə və müvafiq qurumlara burada yenidənqurma işlərinin həm yüksək səviyyədə, həm də azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılmış şəkildə aparılması barədə göstəriş vermişdi.
Prezident Sərəncamına əsasən, bir ay müddətində layihə hazırlanmış və Şəhidlər xiyabanında yenidənqurma işlərinə başlanmışdır. Dövlətimizin başçısı işlərin gedişi, istifadə edilən tikinti materialları ilə tanış oldu, milli memarlıq üslubuna xüsusi diqqət yetirilməsinin vacibliyini söylədi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, xiyabanın hərəkət hissəsinə
ağ və qara mərmər döşənəcəkdir. İşıqlandırma sistemi xiyabanın ümumi rəng ansamblını tamamlayacaqdır. Bunun üçün ən müasir işıq effektlərindən istifadə olunacaqdır.
Prezident İlham Əliyev şəhidlərin portretlərinin yerləşdirilməsi və adlarının yeni formada yazılması ilə bağlı da tövsiyələrini bildirdi.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinə baxan dövlətimizin başçısı onu əzəmətliliyi artıran detallarla zənginləşdirmək və ətrafı abadlaşdırmaq barədə tapşırıqlarını verdi.