AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “TRANSPARENCY İNTERNATİONAL” TƏŞKİLATININ SƏDRİ HÜGET LABELİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Prezident sarayında “Transparency İnternational” təşkilatının sədri Hüget Labeli qəbul etmişdir.
Ölkəmizə “Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində institusional islahatlar” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə konfransda iştirak etmək üçün ilk dəfə səfər etdiyini bildirən Hüget Label tədbirin gözəl təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırdı. O, Azərbaycanda müxtəlif sahələrdə uğurlu islahatların həyata keçirildiyini və mühüm nəticələrin əldə olunduğunu bildirdi.
Dövlətimizin başçısı belə bir konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd etdi və onun işinə uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın inkişafı, işsizliyin aradan qaldırılması, neft gəlirlərinin şəffaflığının təmin olunması, demokratik inkişaf və digər sahələrdə mühüm işlərin görüldüyünü vurğuladı və bu tədbirlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirdi.