AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN MİLLƏT VƏKİLLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Prezident sarayında parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin millət vəkillərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Türkiyənin millət vəkillərindən ibarət böyük nümayəndə heyətinin parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəlməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı ölkəmizdə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün tədbirlərin əvvəlcədən görüldüyünü və seçkilərin normal şəkildə başa çatdığını vurğuladı.
Azərbaycan ilə Türkiyə arasında dostluq əlaqələrinin daim möhkəmləndiyini nəzərə çarpdıran Prezident İlham Əliyev dedi ki, biz həmişə Türkiyədən dəstək görmüşük və bu gün də bunu hiss edirik.
Noyabrın 6-da keçirilmiş ədalətli, azad seçkilərin Azərbaycanın demokratiya tarixində mühüm yer tutacağını və ölkəmizin gələcək inkişafına böyük fayda gətirəcəyinə ümid etdiklərini söyləyən millət vəkilləri bildirdilər ki, Azərbaycanda seçkilər həqiqətən dünya standartları baxımından, namizədlərin səslərinin sayılması, bütün nəticələrin hesablanması baxımından olduqca yüksək səviyyədə başa çatmışdır. Dünyanın heç bir ölkəsində seçkilərə Azərbaycandakı kimi belə böyük diqqət yetirilmir, biz bu qədər xarici müşahidəçinin iştirak etdiyi seçkilər görməmişik. Biz həmişə deyirik ki, həm demokratiya, həm də iqtisadiyyat birlikdə yüksəlməlidir, Azərbaycan bunun gözəl bir nümunəsidir.
Azərbaycanda keçirilmiş seçkiləri xarici ölkələrdən gəlmiş 1500-dən çox müşahidəçinin, habelə 17 mindən çox yerli müşahidəçinin izlədiyini nəzərə çarpdıran dövlətimizin başçısı builki seçkilərdə bir sıra yeniliklərin, o cümlədən barmaqların mürəkkəblə işarələnməsinin, exit-pollun tətbiq olunmasını mütərəqqi addım kimi dəyərləndirdi.
Seçkilərdə 125 yer uğrunda 1500-dən çox namizədin mübarizə apardığını və bunun misli görünməmiş rekord göstərici olduğunu vurğulayan Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, normal şəraitdə keçmiş seçkilər Azərbaycanın gələcək inkişafında böyük rol oynayacaq, yeni seçilmiş parlament çox səmərəli işləyəcək, mühüm qanunlar qəbul ediləcək və Azərbaycanın demokratiya yolu ilə sürətli inkişafı təmin olunacaqdır.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə parlament dostluq qrupları arasındakı münasibətlər bundan sonra daha da möhkəmlənəcəkdir.