AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ FİRUDIN SİNİRLİOĞLUNU QƏBUL ETMİŞDİR
Bakı, 9 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunu qəbul etmişdir.
Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və Türkiyə Baş nazirinin məktubunu dövlətimizin başçısına çatdırdı.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların vəziyyəti barədə danışdı.
Firudin Sinirlioğlu Türkiyə-Ermənistan münasibətlərinin hazırkı durumu barədə məlumat verdi.
Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafı və perspektivlərinə dair məsələlər müzakirə edildi.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.
######
