AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Cənab, Prezident,
hörmətli qonaqlar,
xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Sizi və nümayəndə heyətinizi burada qəbul etməkdən çox məmnunam. Biz bu gün qarşılıqlı maraq doğuran bir çox məsələləri geniş müzakirə etdik. İkitərəfli məsələləri müzakirə etdik, ölkələrimiz arasında siyasi müstəvidə əlaqələrimizin səviyyəsindən razılıq ifadə olundu. Bu, iki ölkə arasındakı ikitərəfli əlaqələrin tarixində İsveçrə Prezidentinin Azərbaycana ilk səfəridir. Əminəm ki, bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ açacaqdır. Biz əməkdaşlığımızın daha da gücləndirilməsinə, qarşılıqlı layihələrə, o cümlədən sərmayə imkanlarına dair məsələləri, beynəlxalq məsələləri, regional inkişafı və şübhəsiz ki, gələcək perspektivləri müzakirə etdik. Biz şadıq ki, İsveçrənin aparıcı şirkətləri artıq bir neçə ildir, ölkəmizdə fəaliyyət göstərir və buradakı işlərini genişləndirmək məqsədi ilə yeni layihələr və yatırımlar baxımından bəzi fikirləri də var. Biz İsveçrənin şirkətlərini dövlət büdcəsindən maliyyələşən yeni layihələrdə sərmayədar və ya müqaviləçi qismində iştirak etməyə dəvət edirik.
Eyni zamanda, biz enerji sektorunda əməkdaşlıq imkanlarını da müzakirə etdik və hazırda əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanların olduğunu görürük. Azərbaycan böyük neft və qaz ehtiyatlarına malik olan ölkədir. Hasilat ilbəil artır, bizim müasir və çox səmərəli nəqliyyat infrastrukturumuz mövcuddur, o cümlədən, beynəlxalq və Avropa bazarlarını bizə açan neft və qaz kəmərlərimiz var. Biz İsveçrəni bu işlərdə ölkəmiz üçün potensial tərəfdaş hesab edirik. Biz şadıq ki, şirkətlər səviyyəsində ciddi danışıqlar aparılır və ümid edirik, yaxın gələcəkdə bu danışıqların əyani nəticəsinin şahidi olacağıq.
Prezidentin xarici ölkəyə səfəri əlaqələr baxımından həmişə ən mühüm ictimai hadisədir. Hesab edirəm ki, bu, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına böyük təkan verəcəkdir. Biz təkcə siyasi və iqtisadi əlaqələrlə kifayətlənməməliyik. Hesab edirəm ki, humanitar sahədə də mühüm işlər görülə bilər və insanların bir-biri ilə ünsiyyəti çox vacibdir. Mən çox şadam ki, İsveçrə Prezidenti Azərbaycanın müxtəlif yerlərinə səfər etmək, mühüm infrastruktur obyektləri ilə yaxından tanış olmaq imkanı əldə etdi. Artıq indi onun Azərbaycan haqqında daha ətraflı məlumatı var. Düşünürəm ki, səfərin özü və onun nəticələri ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə gətirib çıxaracaqdır. Biz bunu görməkdə maraqlıyıq. Biz İsveçrəni ölkəmiz üçün əhəmiyyətli dost və tərəfdaş hesab edirik və ikitərəfli əlaqələrin inkişafı qarşılıqlı maraqlara xidmət edəcəkdir. Təşəkkür edirəm.
######
