AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Hörmətli cənab Prezident, əziz qardaşım,
Hörmətli mətbuat nümayəndələri,
Cənab Prezident, ilk növbədə, məni rəsmi səfərə dəvət etdiyinizə görə Sizə və bütün türk xalqına öz minnətdarlığımı bildirmək istəyirəm. Mən Türkiyədə yenidən olmağımdan çox məmnunam və Siz qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra bu, mənim ilk rəsmi səfərimdir və təbiidir ki, bu səfər Türkiyəyədir. Bu, bizim aramızda olan münasibətləri, münasibətlərimizin nə qədər yüksək səviyyədə olmasını göstərir.
Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmışdır. Ancaq ondan əvvəl bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, yaratmışlar, bir-birinə dəstək olmuşlar. Bu gün isə Türkiyə-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir və mənim səfərim, onun uğurlu nəticələri deməyə əsas verir ki, biz gələcək illərdə də bu gözəl dinamikanı saxlayacaq, bütün sahələrdə əlaqələrimizi daha da gücləndirəcəyik.
Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm siyasi, həm iqtisadi, mədəni, həm də enerji, ticarət, nəqliyyat sahələrində - bütün sahələrdə biz bu əməkdaşlıqdan çox məmnunuq və bütün istiqamətlərdə yaxşı nəticələr var. Bu gün müzakirə etdiyimiz məsələlər həm ikitərəfli münasibətlərin gələcək perspektivlərinə təkan verəcək, həm bölgədə gedən vəziyyətə öz müsbət təsirini göstərəcəkdir. Sirr deyil ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri regionda gedən proseslərə çox ciddi və müsbət təsir göstərir.
Bizim bütün birgə təşəbbüslərimiz - istər siyasi, istər iqtisadi, istərsə də enerji sahəsində göstərilən təşəbbüslər bölgədə sülhün möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə və sabitliyin tam bərqərar olunmasına xidmət göstərir. Türkiyə tərəfindən bu yaxınlarda irəli sürülmüş Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının da əsas mahiyyəti ondan ibarətdir ki, bu bölgədə yaşayan bütün ölkələr bir-biri ilə normal münasibətlər qura bilsinlər, narahatlıq yaradan bütün məsələlər həll olunsun, qarşıdurmaya son qoyulsun və bölgədə sülh təmin edilsin. Əlbəttə ki, bunu etmək üçün bölgədə, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Bu məsələnin ədalətli həll edilməsi üçün göstərdiyi səylərə görə biz Türkiyəyə daim minnətdarıq, Türkiyənin bu işlərdə fəal olmasını alqışlayırıq. Qafqazda gedən proseslərdə Türkiyənin fəal olmaq təşəbbüslərinə biz çox böyük ümidlərlə baxırıq. Hesab edirik ki, bunun çox gözəl nəticələri ola bilər və ilkin xoş məqamların əlamətlərini görürük. Mən hesab edirəm ki, bu məsələnin həlli üçün səylər davam etdirilməlidir. Hesab edirəm ki, bu yaxınlarda Moskvada imzalanmış birgə Bəyannamə mümkün olan sülh razılaşması üçün yaxşı əsasdır. Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, orada beynəlxalq hüquq normaları öz yerini tapır və beynəlxalq hüquq normaları çərçivəsində qəbul edilmiş qərarlar, qətnamələr dəstəklənir. Məsələnin mərhələli yollarla həll olunmasına diqqət göstərilir və hesab edirəm ki, bu, məsələnin həlli üçün çox yaxşı əsas ola bilər.
Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalıdır və işğal altına düşmüş torpaqlar işğalçılardan boşaldılmalıdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarına qayıtmalıdır. Ümid edirəm ki, bölgədə yaranan yeni vəziyyət və Türkiyənin bu işlərə ciddi müdaxiləsi, eyni zamanda, Rusiyanın vasitəçilik missiyasına yeni təkan verməsi, Minsk qrupunun digər həmsədrləri Amerika və Fransanın fəallığı - bütün birgə səylər məsələnin həllinə gətirib çıxaracaqdır.
Ancaq bununla bərabər, bölgə inkişaf edir, Azərbaycan inkişaf edir və Türkiyə-Azərbaycan münasibətləri çox konkret layihələrlə zənginləşdirilir. Enerji layihələri, nəqliyyat layihələri - bütün bunlar bizim təşəbbüsümüzlə baş tutubdur. Bütün bunları etmək üçün çox böyük səylər göstərilibdir. Çox mürəkkəb geosiyasi vəziyyətdə biz bunu bacardıq. Bu onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, birgə iradə ilə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik. Bu layihələr gələcəkdə həm yeni imkanlar açacaq, həm iqtisadi mənfəət gətirəcək və artıq gətirir və eyni zamanda, bölgədə əməkdaşlığın dərinləşməsinə təkan verəcəkdir. Bu məsələlərlə bağlı bizim aramızda fikir ayrılığı yoxdur.
Bu gün beynəlxalq məsələlər də geniş müzakirə olundu və mən də hörmətli Prezident Abdullah Gülün Barak Obamaya göndərilən təbriklərinə qoşuluram. Ümid edirəm ki, Amerika-Azərbaycan münasibətləri bundan sonra da sürətlə inkişaf edəcək və mən yeni seçilmiş Prezidentə uğurlar diləyirəm.
Göstərilən qonaqpərvərliyə və xoş, səmimi münasibətə görə həm əziz qardaşım, cənab Prezident Sizə, həm də bütün türk yoldaşlarımıza bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da iki qardaş ölkə əl-ələ verib uğurla irəliyə gedəcəkdir.
Təşəkkür edirəm.