AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Əziz ağstafalılar!
Mən hamınızı ürəkdən salamlayır, dərin hörmət və məhəbbətimi bildirirəm.
Bu gün Azərbaycanda bayramdır - Milli Qurtuluş bayramıdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 11 il bundan əvvəl xalqın tələbi ilə ölkəmizə rəhbərliyə qayıtdı. Məhz o vaxtdan Azərbaycanda müharibəyə, hərc-mərcliyə, anarxiyaya, xaosa son qoyuldu. Azərbaycanın dirçəliş dövrü başlandı. Sosial məsələlər öz həllini tapmağa başladı.
Bu bölgədə də vəziyyət çox ağır idi. Sərhəd bölgəsində yerləşən ağstafalılar bunu çox yaxşı xatırlayırlar. Məhz Heydər Əliyevin müdrik, məqsədyönlü, düşünülmüş, cəsarətli siyasəti nəticəsində Azərbaycan bu çətin dövrdən şərəflə çıxdı.
O zaman ölkəmiz, demək olar ki, parçalanma ərəfəsində idi. Amma bu gün baxın, Azərbaycan inkişaf edir, güclənir. Azərbaycan regionda liderdir. Bunu təkcə biz yox, bütün dünya ictimaiyyəti bilir və qiymətləndirir. Mən əminəm ki, ölkəmiz bundan sonra da sürətlə inkişaf edəcəkdir.
Bilirsiniz ki, mənim siyasətimin əsas istiqamətlərindən biri də odur ki, Azərbaycanın bütün bölgələrində inkişaf olsun, yeni iş yerləri açılsın, insanlar işlə təmin olunsunlar, maaşları qalxsın. Biz bu istiqamətdə böyük işlər görürük, böyük proqramlar həyata keçiririk. Mən çox şadam ki, Ağstafada da bu istiqamətdə işlər gedir.
Mən bu gün mebel fabriki ilə tanış oldum. Orada çox gözəl istehsalat var. Digər sahələr də inkişaf edəcəkdir. Mən heç şübhə etmirəm ki, bir neçə ildən sonra Azərbaycanın bütün bölgələri daha sürətlə inkişaf edəcəkdir. Bizim qarşımızda böyük məsələlər var.
Azərbaycan çox uğurla qonşuları ilə öz münasibətlərini qurubdur. Mən dünən və bu gün səhər Gürcüstanda idim. Orada bir daha əmin oldum ki, bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Gürcüstanda Heydər Əliyev adına park yaradıldı. Biz o parkın açılışında iştirak etdik. Bu, bir daha göstərir ki, bütün dünya ümummilli liderimizi qiymətləndirir, onun fəaliyyətini çox gözəl bilir. Eyni zamanda, Gürcüstanda Azərbaycan Dram Teatrına dövlət statusu verilibdir. Bu da böyük əhəmiyyətli bir məsələdir. Mən Borçalı mahalında yaşayan azərbaycanlılarla, soydaşlarımızla da görüşmüşəm, onların problemləri ilə də məşğul olmuşam. Sərhəddə də olmuşam, sərhəd problemləri ilə məşğul olmuşam.
Çalışıram əlimdən gələni edim ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq içində yaşasın. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycanda sabitlik pozulsun. Heç vaxt imkan verə bilmərik ki, asayiş pozulsun. Bu, bizim inkişafımız üçün başlıca şərtdir. Mən əminəm, şübhə etmirəm ki, biz qarşıda duran bütün məsələlərin həllinə nail olacağıq.
Heydər Əliyev siyasəti yaşayır. Biz hamımız bunu dəstəkləyirik, Azərbaycan xalqı bu siyasəti dəstəkləyir. Ötən il keçirilmiş prezident seçkilərində də siz - ağstafalılar bu siyasətə səs vermisiniz. Mən əminəm ki, hamımız birlikdə Azərbaycanı zənginləşdirəcəyik, gücləndirəcəyik, qüdrətli dövlətə çevirəcəyik.
Sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, səadət, uğurlar arzulayıram.
Sağ olun!
X X X
Azərbaycan Prezidentinin Poylu qəsəbəsində sakinlərlə görüşü də yaddaqalan oldu.
Respublikamızın rəhbəri burada yüksəkvitaminli yem zavodunun tikiləcəyi yerə gəldi. Zavodun tikintisinə cari ildə başlanacaq və o, 2005-ci ildə işə salınacaqdır. 2005-2006-cı illərdə burada 460 iş yeri açılacaq, ikinci mərhələdə onların sayı 1200-ə çatdırılacaqdır.
Dövlətimizin başçısı gələcəkdə nəzərdə tutulan istehsal prosesi ilə yaxından tanış oldu, lazımi tövsiyə və tapşırıqlarını verdi.