AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Viktor Fyodoroviç, sağ olun. Bu gün Sizi Azərbaycanda görməyimə çox şadam. Sizin göstərdiyiniz münasibəti və Yeni il ərəfəsində iş cədvəlinin gərgin olmasına baxmayaraq, buraya gəlməyə, ünsiyyətdə olmağa, görüşməyə və öz hisslərinizi ifadə etməyə vaxt tapmağınızı çox qiymətləndirirəm. Mən Ukrayna və Azərbaycanın ikitərəfli münasibətlərinin inkişafı üçün çox mühüm mənbə olan dostluğumuzu, səmimi münasibətlərimizi, qarşılıqlı hörmət münasibətlərini, dəstəyi qiymətləndirirəm.
Biz gün Siz Azərbaycan Prezidentinin, atam Heydər Əliyevin məzarını ziyarət etdiniz, bütün həyatını öz ölkəsinə xidmətə həsr edən və habelə Ukraynaya, Ukrayna xalqına çox böyük məhəbbət bəsləyən insanın xatirəsinə öz ehtiramınızı bildirdiniz. Mən bunu bilirəm, onun Sizin ölkənizə münasibəti həmişə çox mehriban və səmimi olmuşdur. Təbii olaraq, bu, mənə də, bütün silahdaşlarıma da keçmişdir.
Ukrayna bizim üçün dostdur, strateji tərəfdaşdır, elə bir ölkədir ki, keçmişdə bizi onunla çox əlaqələr bağlayırdı, ən başlıcası isə, gələcəkdə qarşılıqlı əməkdaşlığın çox parlaq perspektivləri var. Bu gün biz Sizinlə ikitərəfli münasibətlərin, əslində, bütün spektrini kifayət qədər geniş əhatə etdik, bütün sahələrdə əlaqələrimizin inkişafının əsas yollarını müəyyənləşdirdik və ümidvaram ki, onları uğurla həyata keçirəcəyik. İkitərəfli əlaqələrimizin inkişafında Sizin rolunuzu xüsusi qeyd etmək istəyirəm. Siz hökumətə yenidən başçılıq etdiyiniz andan biz bu münasibətlərdə yeni dinamizmi dərhal hiss etdik. Bu, çox xoşdur, çox vacibdir. Bu, bizim çox xoşumuza gəlir. Biz Sizin keçmişdəki fəaliyyətinizi də xatırlayırıq. O vaxt Sizin səyləriniz sayəsində Ukrayna iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Yəqin ki, Siz hökumətə birinci dəfə başçılıq etdiyiniz dövrdə inkişaf sürəti MDB-də ən yüksək idi. Sonra durğunluq oldu. İndi, Siz hökumətə yenidən başçılıq etdiyiniz vaxtda biz bu dinamikanı aydın görürük. Bu, ən başlıcasıdır və iqtisadiyyatda məhz Sizin apardığınız siyasətə və istər öz ölkənizdə, istərsə də onun hüdudlarından kənarda hörmət qazandığınıza aydın sübutdur.
Azərbaycanda Sizi böyük siyasi xadim, dövlət xadimi, Azərbaycanın dostu, ölkəmizə böyük məhəbbətlə yanaşan insan kimi tanıyırlar. Bu da çox vacibdir. Dövlətlər arasında münasibətlərin öz tarixi, öz dinamikası var. Rəhbərlər arasında münasibətlər, indiki halda, şəxsi dostluq münasibətlərimiz ölkələrimizin münasibətlərinin inkişafının da çox mühüm amilidir. Səfərə görə Sizə bir daha təşəkkür etmək, Sizi, gözəl ailənizi, bütün qonaqlarımızı, bütün qardaş Ukrayna xalqını üzümüzə gələn Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə 2007-ci ildə və gələcəkdə də ancaq qələbələr, uğur və nəzərdə tutduqlarınızın hamısının həyata keçməsini arzulayıram. Sizin sağlığınıza!