AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Əziz Muxu Gimbatoviç!
Əziz qonaqlar!
Sizi Azərbaycanda, Sizin üçün doğma dövlətdə ürəkdən salamlamağıma və Sizə, bütün qardaş Dağıstan xalqına böyük uğurlar, firavanlıq, xoşbəxtlik, inkişaf arzulamağıma şadam. Bu gün biz birlikdə çox yaxşı vaxt keçirdik, bizi birləşdirən bütün məsələləri - tarixi, siyasi, iqtisadi, ictimai-humanitar məsələləri müzakirə etdik. Bütün istiqamətlərdə yanaşmamız eynidir ki, bu da münasibətlərimizin inkişafı, daha sıx inteqrasiya, qarşılıqlı surətdə faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün zəmin yaradır. Bütün bunlar xalqlarımızın qardaşlığının möhkəm bünövrəsinə, ümumi tarix və mədəniyyətə, ənənələrə əsaslanır və əlbəttə ki, əməkdaşlığımız üçün əlavə şərait yaradır. Sirr deyil ki, Rusiyanın bütün respublikaları və regionları arasında bizə ən yaxını, bizim üçün ən əzizi, ən sevimlisi Dağıstan Respublikasıdır. Biz onun uğurlarını gördükdə, quruculuq işləri getdiyini, vəziyyətin normallaşdığını, sabit vəziyyət yarandığını və insanların daha yaxşı yaşamağa başladığını gördükdə çox sevinirik. Bax, biz belə hisslərlə yaşayırıq. Yəqin ki, Siz və bütün nümayəndə heyətiniz də Azərbaycanda olduğunuz vaxtda bunu hiss etdiniz. Eyni halı dağıstanlıların bizə münasibətində də görürük və əlbəttə, bu da bizi sevindirir. Mən bu badəni Sizin sağlığınıza qaldırmaq, Sizə öhdəsindən çox uğurla gəldiyiniz, - biz bunu görürük, bunu Rusiya rəhbərliyi də görür, - çətin işdə böyük nailiyyətlər arzulamaq, bütün Dağıstan xalqına tərəqqi və firavanlıq diləmək istəyirəm. Sizin sağlığınıza!