AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTANIN BAŞ NAZİRİ FERENTS DYURÇAN İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Parlamentinə gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Macarıstanın Baş naziri Ferents Dyurçan və xanımı Klara Dobrev binanın önündə böyük hörmət və ehtiramla qarşıladılar.
Parlamentin binasında Prezident İlham Əliyev ilə Baş nazir Ferents Dyurçan arasında görüş oldu.
Baş nazir iqtisadi əlaqələrin müxtəlif sahələrinin müəyyənləşdirilməsi və inkişafı baxımından görüşün əhəmiyyətini vurğuladı. O, Prezident İlham Əliyev ilə ötən ay Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüşünü xatırlatdı və dedi ki, biz energetika, qeyri-neft sektoru və humanitar, yəni elm, təhsil, mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlığa maraqlıyıq. Macarıstan Azərbaycana regionda etibarlı tərəfdaş kimi baxır.
Görüşdə həm ikitərəfli baxımdan, həm də Avropa strukturları çərçivəsində elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın vacibliyi vurğulandı və gələcəkdə əlaqələrin daha da genişləndiriləcəyi bildirildi.
Prezident İlham Əliyev Macarıstanla iqtisadi əlaqələrin yaxşı perspektivləri olduğunu vurğuladı, Azərbaycan-Macarıstan biznes forumunun əhəmiyyətindən danışdı. Qarşılıqlı investisiya qoyuluşu imkanlarına toxunan dövlətimizin başçısı Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən bəhs etdi, ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunu oynadığını, bunun həm də regional baxımdan çox əhəmiyyətli olduğunu bildirdi.
######
![]() |
![]() |
![]() |
![]() |



