AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli cənab Prezident! Xanımlar və cənablar!
İlk növbədə, cənab Prezident, səfər zamanı Macarıstan torpağında mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, mənim səfərim ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və imzaladığımız sənədlər qarşılıqlı fəaliyyətimiz üçün yeni istiqamətlər müəyyən edəcək, əlaqələrimizin genişlənməsinə və dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Macar və Azərbaycan xalqları arasındakı münasibətlərin qədim tarixi vardır. XV-XVII əsrlərdə Azərbaycanın Ağqoyunlu və Səfəvi dövlətləri ilə Macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri macar dilinə, macar ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Macar bəstəkarlarının əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulmuşdur. Azərbaycan musiqisi, o cümlədən dünyada məşhur olan muğam və Azərbaycan simfonik musiqisi Macarıstanda maraqla dinlənilir.
Ölkələrimiz arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, beynəlxalq terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyətimiz böyük məmnunluq doğurur. Lakin iqtisadi əlaqələrimiz hələlik arzuolunan səviyyədə deyildir.
Son illərdə irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, xüsusən Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz dövlətlərimizi və xalqlarımızı bir-birinə yaxınlaşdırır.
Bu baxımdan, Avropa İttifaqının Yeni qonşuluq siyasəti proqramı və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Anlaşma memorandumu daha geniş əməkdaşlığımız üçün xüsusi əhəmiyyət daşıyır. Energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın yaxşı perspektivləri vardır. Əminəm ki, bu gün ikitərəfli sənədlərin imzalanması, habelə cənab Prezident, Sizinlə apardığımız danışıqlar ölkələrimiz arasında mal dövriyyəsinin həcminin artmasına, ticarət sahəsində imkanlarımızın reallaşmasına və qarşılıqlı investisiya qoymaq işinə təkan verəcəkdir.
Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Lakin artıq 20 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və burada etnik təmizləmə siyasəti aparmışdır. Nəticədə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır.
ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, Dağlıq Qarabağın və işğal altındakı digər rayonların ermənilər tərəfindən kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırılması haqqında hesabat hazırlamışdır. Eyni zamanda, həmin ərazilərdə Azərbaycanın qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmışdır.
Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə nizama salınmasını dəstəkləyir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri var. Bu münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, icazə verin, Avropanın ən gözəl şəhərlərindən biri olan Budapeştdə olduğumuz ilk dəqiqələrdən mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə təşəkkür edim və bu badəni Sizin şərəfinizə, dost macar xalqının xoşbəxtliyi və rifahı şərəfinə qaldırım.
Sağ olun!
Dövlətimizin başçısı Milli Muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
![]() |
![]() |
![]() |


