AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUMINİYA PREZİDENTİ TRAYAN BESESKU İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 24-də Buxarestdə, “Lak-2” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun görüşü olmuşdur.
Görüş zamanı Azərbaycan-Rumıniya əməkdaşlığının uğurlu inkişafı, qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edildi. Hər iki ölkənin
beynəlxalq təşkilatlarda, o cümlədən Avratlantik strukturlarında bir-birinin mövqelərini qarşılıqlı dəstəkləməsi qeyd olundu. Dövlət başçıları bir məqamı xüsusi vurğuladılar ki, Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin və Azərbaycanın ümummilli liderinin adını daşıyan parkın açılması iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Söhbət zamanı qarşılıqlı səfərlərin əhəmiyyəti də vurğulandı.