AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUMINİYAYA İŞGÜZAR SƏFƏRİ
PLOYEŞTİ RUMINİYANIN NEFT PAYTAXTIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rumıniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də bu ölkənin neft paytaxtı kimi tanınmış Ployeşti şəhərinə gəlmişdir.
Prezident əvvəlcə Ployeşti Saat muzeyində oldu, burada professor Nikolaye Simakinin topladığı ekspozisiyaya tamaşa etdi. 2 min eksponatı olan bu muzey 1963-cü ildə açılmışdır. Hazırda burada 500 eksponat nümayiş etdirilir. Onların arasında qədim günəş, qum və su saatları, eləcə də Rumıniya kralı I Karola, Rusiya imperatoru II Aleksandra, Rumıniyanın tanınmış mədəniyyət xadimlərinə məxsus olmuş saatlar var.
Dövlətimizin başçısı Ployeştidə əsası 1959-cu ildə qoyulmuş Neft Muzeyində də oldu. Prezident İlham Əliyevə Rumıniyada 1857-ci ildən başlanmış neftçıxarma və neft emalı sənayesinin tarixi, rumın alimlərinin bu sahədəki uğurları barədə məlumat verildi. Xatırladaq ki, bu muzey Almaniya, Avstriya, İsveç və Polşanın müvafiq muzeyləri ilə yanaşı, Avropa neft muzeyləri şəbəkəsinə daxildir.
Azərbaycan Prezidenti ekspozisiya ilə tanışlıqdan sonra muzeyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev həmin gün Ployeşti Neft və Qaz Universitetində də oldu. Universitetin prorektoru Mixay Dimitraşku Azərbaycan Prezidentinə bu ali məktəbin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, burada təhsil prosesi Avropa ali təhsil standartlarına uyğundur.
M.Dimitraşku 2004-cü ildən bu universitetin fəxri doktoru olan Prezident İlham Əliyevə informatika laboratoriyasının yenidən qurulması və universitetin üç tələbəsinə Heydər Əliyev adına təqaüd verilməsi təşəbbüsünə görə təşəkkürünü bildirdi.
Azərbaycan Prezidenti neft-qaz elmləri sahəsində Avropanın aparıcı təhsil müəssisələrindən və tədqiqat mərkəzlərindən biri kimi tanınmış bu universitetin fəxri doktoru olmasına görə qürur duyduğunu söylədi. O dedi ki, Azərbaycanla Rumıniyanı birləşdirən cəhətlər çoxdur. Məsələn, sənaye üsulu ilə neft çıxarılması dünyada ilk dəfə 1847-ci ildə Azərbaycanda, on il sonra - 1857-ci ildə isə Rumıniyada başlanmışdır.
Prezident İlham Əliyev energetika sahəsində Azərbaycan-Rumıniya əlaqələrindən söhbət açaraq, Xəzər neftinin Avropa bazarlarına ixrac marşrutlarının çoxvariantlı olmasını təmin etmək üçün bu əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladı.
Azərbaycan Prezidenti universitetin auditoriyalarına baş çəkdi, hollda sərgiyə qoyulmuş faydalı qazıntı nümunələrinə, Azərbaycan dövləti başçısının təşəbbüsü ilə yenidən qurulmuş və ən müasir təhsil avadanlıqları ilə təchiz olunmuş informatika laboratoriyasına baxdı.
Universitetin Heydər Əliyev adına təqaüd alan tələbələri Azərbaycan Prezidentinə təşəkkür etdilər.
Prezident İlham Əliyev universitetin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, tələbələrlə xatirə şəkli çəkdirdi.
X X X
Sentyabrın 25-də Azərbaycan Prezidenti Buxarestə qayıtdı. Burada Rumıniya Prezidenti Trayan Beseskunun və onun xanımı Mariya Beseskunun adından Azərbaycan Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət verildi.