AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEVLAX ŞƏHƏRİNƏ SƏFƏRİ
Dövlətimizin başçısını şəhərin mərkəzindəki Heydər Əliyev adına prospektdə on minlərlə sakin hərarətli alqışlarla və mehribanlıqla qarşıladılar.
Prezident İlham Əliyev şəhərdə yenidən qurulmuş Heydər Əliyev prospektinin rəmzi açılışını bildirən ünvan lövhəsinin üzərindən ağ örtüyü götürdü.
Son aylar şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni iş yerlərinin açılması, insanlara diqqət və qayğının artırılmasının təzahürü olaraq yevlaxlıların simasında sevinc hissləri duyulurdu. Təxminən dörd kilometr uzunluğu olan Heydər Əliyev prospekti büsbütün yenidən qurulmuş, tamamilə təzə görkəm almışdır. Yaraşıqlı və göz oxşayan Heydər Əliyev meydanına başdan-başa mərmər döşənmiş, burada fəvvarələr qurulmuşdur.
Yevlax ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, məktəblilər Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edərək, ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirdiyinə və ölkəmizin gələcəyi naminə gördüyü böyük işlərə görə təşəkkürlərini bildirdilər.
Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu.