AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİRAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı İran İslam İnqilabının 25-ci ildönümü münasibətilə bütün İran xalqına və bu ölkənin rəhbərliyinə özünün səmimi təbriklərini və xoş arzularını çatdırmağı səfirdən xahiş etdi.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, qədim dostluq ənənələrinə malik ölkələrimiz arasındakı mehriban münasibətlər xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 2002-ci ilin mayında Prezident Heydər Əliyevin Tehrana rəsmi səfəri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər sayəsində Azərbaycan-İran əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu xatırladan dövlətimizin başçısı İlham Əliyev bu xəttin davam etdirilməsinin vacibliyini vurğuladı.
Səmimi sözlərə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən səfir Əhəd Qəzai İranın qonşu dövlətlərlə, xüsusilə dost və qardaş Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini söylədi.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparıldı.