Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin Fərmanı məhkəmə hakimiyyətinə ictimai etimadın artmasına xidmət edir

Azərbaycan Prezidentinin Fərmanı məhkəmə hakimiyyətinə ictimai etimadın artmasına xidmət edir

Bakı, 25 iyul, AZƏRTAC

Məlum olduğu kimi, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərman imzalanıb. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində Fərmanın icrası üzrə görülən işlər barədə fikirlərini bölüşüb.

- Fikrət müəllim, ilk növbədə, dövlətimizin başçısının ictimaiyyətdə böyük maraq doğuran və məhkəmə fəaliyyəti ilə bağlı həlli vacib bir çox məsələləri, yenilikləri özündə ehtiva edən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanının əsas məqsədi və rolu barədə fikirlərinizi bilmək istərdik.

- Hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyəti müstəsna rol oynayır. Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür.

Şübhəsiz ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ötən dövrdə respublikamızda həyata keçirilən hərtərəfli islahatların real təzahürü kimi qiymətləndirilməlidir. Belə ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlərə imza atır. Dünya Bankının "Doing Business 2019" hesabatına əsasən ölkəmiz dünyada ən islahatçı on dövlətdən biri kimi müəyyən edilib.

Dövlətimizin başçısının yeni prezidentlik dövrünə nəzər yetirəndə ölkəmizdə hərtərəfli islahatların daha geniş vüsət aldığının şahidi oluruq. İnsanların rifahının yaxşılaşması, sosial xidmətlərin asan, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə önəmli layihələrin gerçəkləşməsi xüsusi qeyd olunmalıdır.

Təbiidir ki, bu islahatlar ədliyyə orqanlarından, məhkəmə sistemindən də yan keçə bilməzdi. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, bu sahədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.

Ədliyyə və məhkəmə sisteminin gələcək inkişafının strateji prioritetlərini müəyyən edən bu Fərman, həm də müstəsna əhəmiyyətə malik "yol xəritəsi" olmaqla proqram xarakteri daşıyır.

Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçiliyin aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və s. kimi problemlərin həlli istiqamətində qarşıya mühüm vəzifələr qoyub.

Həmin məsələlər təxirəsalınmadan Ədliyyə Nazirliyinin Kollegiyasında, Məhkəmə-Hüquq Şurasının geniş iclasında hərtərəfli müzakirə edilərək konkret tədbirlər müəyyənləşdirilib. Eyni zamanda, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılaraq qarşıya qoyulmuş məsələlər üzrə təhlillər aparılıb, beynəlxalq təcrübə öyrənilib, kompleks qanunvericilik, institusional və praktiki tədbirlərə dair birgə təkliflər hazırlanıb, digər tədbirlər həyata keçirilib.

- Fərmanın icrası üzrə görülən bu işlər barədə bir qədər ətraflı məlumat oxucular üçün maraqlı olardı.

- Əvvəlcə, Fərmanın aktuallığı və ictimai əhəmiyyəti nəzərə alınaraq bu mühüm sənəddən irəli gələn məsələlər, yeniliklər barədə hüquq ictimaiyyətinin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakı ilə geniş ictimai müzakirələrin keçirilməsini qeyd etmək istərdim. Belə ki, məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri, o cümlədən vətəndaşların, xüsusilə sahibkarların məhkəmələrə müraciətetmə imkanının genişləndirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi barədə Amerika Ticarət Palatası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dünya Bankı ilə birgə cəmiyyətin müxtəlif təbəqələri, biznes dairələri, diplomatik korpusun nümayəndələri və s. üçün geniş ictimai tədbirlər - konfranslar, forumlar və təqdimatlar keçirilib.

Nazirlik tərəfindən belə tədbirlər sahibkarların iştirakı ilə bölgələrdə, o cümlədən Gəncədə və Lənkəranda da təşkil olunub.

Bildirməliyəm ki, bu tədbirlər qarşıda duran vəzifələrin icrasında ictimai fikrin öyrənilməsi, vətəndaş cəmiyyəti nümayəndələrinin təkliflərinin nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir.

Fərmanla verilmiş tapşırıqların icrası çərçivəsində qeyd etdiyim birgə işçi qrupu tərəfindən qısa müddətdə 40-dək normativ aktın layihələri işlənilib hazırlanıb.

Həmin layihələr əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxacaq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə ekspertizasının və məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması və digər məsələlərlə bağlıdır. Eyni zamanda, icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Qeyd olunmalıdır ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə qanunvericiliyə dekriminallaşdırma və s. ilə bağlı edilmiş dəyişikliklər nəticəsində 5 minə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb.

Hazırkı Fərmanla isə dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi ilə bir çox əməllərin dekriminallaşdırılması, o cümlədən alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı qanun layihələri hazırlanıb.

Artıq bəzi qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkəmizdə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması təsbit olunub, hakimlərin təminatı əhəmiyyətli dərəcədə artırılıb, məhkəmə fəaliyyətinin səmərəliliyinin yaxşılaşdırılmasına xidmət edən digər mühüm məsələlər həllini tapıb.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş bu qanunlar ölkəmizin məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaqdır.

Bununla yanaşı, Fərmanda nəzərdə tutulmuş tədbirlərin vaxtında, dürüst və dönmədən icrası ilə əlaqədar ədliyyə işçiləri və hakimlərlə yerlərdə müşavirələr keçirilərək, aidiyyəti tapşırıq və tövsiyələr verilir.

Ədliyyə Nazirliyi İcra xidmətinin fəaliyyətinə dair Fərmanla qarşıda qoyulmuş vəzifələrin icrası üzrə bütün yerli icra qurumları rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınmasına dair konkret addımlar atılıb, kobud pozuntulara yol verən icra məmurları barəsində ciddi tədbirlər görülüb.

Fərmanın icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq ötən il az qala 900 minə çatması ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, habelə icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq praktika və müxtəlif dövlətlərin bu sahədə qanunvericiliyi öyrənilib və təcrübələri ilə yerində tanış olunub.

Qeyd edilən məlumatların ümumiləşdirilməsi və aparılmış təhlillər nəticəsində məhkəmə qərarlarının icrası işinin daha səmərəli təşkili məqsədilə ölkəmizdə hazırkı mərhələdə alternativ icra mexanizmi kimi özəl icra institutunun pilot layihə qaydasında tətbiqi mümkün hesab olunub və bu barədə müvafiq təkliflər verilib.

Eyni zamanda, Fərmanın icrası çərçivəsində məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı qanunvericilik və mövcud təcrübə ətraflı təhlil olunub, bir sıra qabaqcıl Avropa dövlətlərinin təcrübəsi nəzərdən keçirilib, bəzi ölkələrdə özəl ekspertiza fəaliyyətinin təşkili yerində öyrənilib.

Məhkəmə ekspertizası işinin beynəlxalq standartlar səviyyəsində müasirləşdirilməsi, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının genişləndirilməsi, həmçinin ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi, bununla bağlı müvafiq lisenziyaların verilməsi və digər mütərəqqi müddəaları nəzərdə tutan Qanun layihəsi hazırlanıb.

- Qeyd etdiyiniz kimi, mühüm yeniliklərdən biri sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə baxılması üçün ayrıca məhkəmənin təsis edilməsidir. Bu barədə daha ətraflı məlumat verməyinizi istərdik.

- Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması dövlətimizin başçısının daim diqqət mərkəzində olub. Bu problemi həll etmək və məhkəmələri insanlara, hüquqi şəxslərə yaxınlaşdırmaq üçün son dövrlər xeyli iş görülüb, məhkəmə sisteminin quruluşunda önəmli dəyişikliklər edilib.

Hələ 2007-ci ildə respublikamızın regionlarında apelyasiya və iqtisad məhkəmələri, 2011-ci ildə isə digər regional məhkəmələr, habelə insan hüquqlarının təminatında mühüm rol oynayan inzibati ədliyyə institutu yaradılıb, bütün bölgələrdə inzibati-iqtisadi məhkəmələr formalaşdırılıb.

Qeyd etməliyəm ki, məhkəmələrdə ixtisaslaşmanın aparılması bu gün bütün dünyada ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ən faydalı üsullardan biri hesab olunur. Ölkəmiz də bu istiqamətdə zəruri addımlar atır. Məsələn, bu gün Bakı şəhərinin bütün və bəzi digər rayon (şəhər) məhkəmələrində cinayət və mülki sahədə işlərə baxılması üzrə hakimlər arasında ixtisaslaşma aparılıb. Həmçinin yetkinlik yaşına çatmayanlar xüsusilə həssas təbəqə olduğundan onlar tərəfindən törədilən cinayətlərə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca tərkiblər yaradılıb. Yəni, bu proses davam edir.

Xüsusilə də iqtisadiyyatımızın inkişafının bugünkü səviyyəsində sahibkarlıqla bağlı mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmənin yaradılması artıq zamanın tələbinə çevrilib.

Deməliyəm ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli zamanı operativliyin təmin olunması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə ötən ilin dekabrında qanunvericiliyə əsaslı dəyişikliklər edilib, o cümlədən iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada, yalnız "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması müəyyən edilib.

Sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına xidmət edən bu tədbirlərin davamı olaraq möhtərəm Prezident Fərmanda sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə baxan ayrıca məhkəmələrin yaradılması ilə bağlı məsələ müəyyənləşdirib. Eyni zamanda, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha operativ və səmərəli həllinin təmin edilməsi, məhkəmə icraatının effektivliyinin artırılması məqsədilə Fərmanda mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlil edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi ilə bağlı ali və apelyasiya məhkəmələri, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tövsiyə və tapşırıqlar verilib.

Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilib, müxtəlif dövlətlərdə mövcud olan belə məhkəmə modelləri nəzərdən keçirilib və ölkəmiz üçün ən məqbul təcrübə seçilib.

Artıq qeyd etdiyim kimi, bu sahədə müvafiq qanunvericilik aktları qəbul edilib. Yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılmasının təmin edilməsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr - kommersiya və ayrıca inzibati məhkəmələr təsbit olunub. Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Hazırda dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

Yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu da işlərə daha ixtisaslı, peşəkar baxılmasına, onların daha dolğun, hərtərəfli araşdırılmasına şərait yaradacaqdır. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlar ilə mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaqdır.

2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq.

Yeni qanunvericiliyə uyğun olaraq sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaqdır.

- Hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması da Fərmanda əsas diqqət çəkən məqamlardandır.

- Bəli, məhkəmə sisteminin səmərəliliyi sözsüz ki, hakimlərin fəaliyyətindən çox asılıdır. Bu məqsədlə Fərmanda, ilk növbədə, bütün məhkəmələrin sədrlərinə və hakimlərə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Qeyd etməliyəm ki, məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsi bütün dövlətlərdə müstəsna əhəmiyyət kəsb edir. Müxtəlif, hətta inkişaf etmiş Avropa ölkələrində məhkəmə fəaliyyətinə kənar müdaxilələr və digər təzyiq faktları ciddi narahatlıq doğurur, bu sahədə mənfi meyillərin aradan qaldırılması yolları Avropa ədliyyə nazirlərinin konfranslarında mütəmadi müzakirə olunur.

Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq bu sahədə əlavə təsirli mexanizmlərin yaradılması, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmağa, kənar şəxslər tərəfindən məhkəmə fəaliyyətinə hər hansı təzyiq və ya qeyri-qanuni təsir etməyə görə cəzaların sərtləşdirilməsi, məhkəmə icraatına müdaxilənin və məhkəməyə hörmətsizlik göstərilməsinin yolverilməzliyi ilə bağlı müvafiq qanun layihəsi hazırlanıb.

Həmçinin hakimlərin fəaliyyətinə müdaxilə ilə bağlı özlərinin Məhkəmə-Hüquq Şurasına məlumat verməsi də belə halların qarşısının alınmasına yönələn əlavə vasitədir.

Bununla əlaqədar Fərmanla verilmiş tövsiyələrə əsasən hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər mənfi halların aradan qaldırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt” təşkil olunub və Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanları yaradılıb.

Şübhəsiz ki, məhkəmə sisteminin daha səmərəli fəaliyyət göstərməsi, hakimlərin obyektivliyinin, qərəzsizliyinin, müstəqilliyinin təmin olunması üçün onların maddi təminatı da mühüm əhəmiyyət kəsb edir.

Məhz ona görə Fərmana uyğun olaraq bu ərəfədə “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilərək hakimlərin maddi təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, o cümlədən bütün hakimlərin aylıq vəzifə maaşları həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyən edilib, digər təminatlar nəzərdə tutulub.

Eyni zamanda, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə uyğun diferensiasiyası və həmin rüsumların müəyyən hissəsinin məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə də yönəldilməsi üzrə müvafiq layihələr hazırlanıb.

- Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin məsuliyyət hissinin artırılması, hər bir qanun pozuntusuna barışmaz münasibətin aşılanması da az əhəmiyyət kəsb etmir.

- Doğrudur. Dövlətimizin başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqları bu sahədə fəaliyyətin yeni çağırışlara uyğun daha yüksək səviyyədə təşkil olunmasını şərtləndirir.

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülür.

Paytaxtda və bölgələrdə bütün məhkəmə instansiyaları üzrə məhkəmə sədrlərinin və hakimlərin iştirakı ilə zona müşavirələri keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunur, mənfi halların yolverilməzliyi qəti şəkildə diqqətə çatdırılır.

Təkcə ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib. 4 məhkəmə sədri aşağı işə keçirilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Eyni zamanda, dövlətimizin başçısının hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi barədə tövsiyələrinə uyğun olaraq, təkcə son aylar ərzində 40 hakim barədə intizam icraatları başlanılıb, 1 hakimin səlahiyyətlərinə xitam verilib, 4 hakim tutduğu vəzifədən azad olunub. Həmçinin 2 hakim barədə materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, onlardan biri barədə artıq məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq hakimlərin və məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılmasında, şəffaflığın və qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsində digər vasitələrdən də istifadə edilir. Bu məqsədlə Şurada Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi, İnformasiya Texnologiyaları və İnnovasiyalar üzrə xüsusi qurumlar yaradılaraq fəaliyyətə başlayıb.

Bu qurumlar tərəfindən məhkəmələrdə mütəmadi monitorinqlər keçirilir, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan və digər müraciətlər yerində araşdırılır, qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşlarda haqlı narazılıq doğuran pozuntular aradan qaldırılmaqla, yol verilən nöqsanlar hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılır.

Artıq yeni qurumlar tərəfindən 20-dən çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 60-dan çox hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb. Bu sahədə işlər intensiv davam etdirilir.

Eyni zamanda, vətəndaşlar üçün əlverişli şərait yaradılması, yol verilən nöqsan və çatışmazlıqların yerində, təxirəsalmadan aradan qaldırılmasının təmin edilməsi məqsədilə Şura tərəfindən bilavasitə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsi yaradılıb.

Fərmanda qarşıya qoyulmuş məsələlərin icrası üzrə, həmçinin hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Metodologiyası, habelə məhkəmələrdə işin düzgün və səmərəli təşkilinə, etik davranış və digər məsələlər üzrə peşəkar monitorinqlərin aparılmasına dair Qaydalar hazırlanıb. Yuxarı instansiya məhkəmələrinin təcrübəli hakimləri və “ASAN xidmət” könüllüləri Şuranın fəaliyyətinə cəlb olunublar.

- Ölkəmizdə hakim ştatlarının sayının az olması, hakimlərin iş yükünün hədsiz çoxluğu ilə bağlı fikirlərə də rast gəlinir. Bu istiqamətdə hansı addımlar atılır?

- Məlumat üçün bildirim ki, 2006-cı ildən etibarən ölkəmizdə hakim ştatlarının sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb. Hər bir hakim üçün beynəlxalq təcrübəyə uyğun olaraq köməkçi ştatı ayrılıb. Eyni zamanda, həyata keçirilən məhkəmə islahatları çərçivəsində məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi də daim diqqət mərkəzində saxlanılıb.

Yeri gəlmişkən, Azərbaycanda hakimliyə namizədlərin seçim prosesi bu gün şəffaflığına görə Avropada örnək kimi dəyərləndirilir və ən mütərəqqi təcrübələr sırasındadır. Təsadüfi deyil ki, Avropa Şurası və Avropa İttifaqı digər üzv dövlətlərə ölkəmizin bu sahədə müsbət təcrübəsinə əsaslanmağı tövsiyə edib.

Hakimliyə namizədlərin bu mütərəqqi və şəffaf qaydalarla seçimi nəticəsində ötən illər ərzində 3400-dən çox namizəd sırasından 415 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək uzunmüddətli təlimlər, məhkəmələrdə, habelə xarici dövlətlərdə təcrübə keçdikdən sonra hakim vəzifələrinə təyin edilib.

Ötən ilin sonunda bu qaydalarla seçilmiş 108 nəfər hakimliyə namizədin dövlətimizin başçısı tərəfindən müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyinatı nəticəsində isə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib. Hakim korpusunun 70 faizini mütərəqqi qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir.

Lakin ötən illər ərzində məhkəmələrdə mülki xarakterli işlər mütəmadi, o cümlədən yeni məhkəmə sisteminin fəaliyyətə başladığı dövrlə müqayisədə dəfələrlə artıb. Həmçinin əhalinin sayına görə də Azərbaycanda hakim sayı Avropa ölkələri üzrə orta göstəricidən xeyli azdır.

Təbii ki, hədsiz iş yükü müəyyən qüsurlara yol açır, işlərin həlli keyfiyyəti aşağı düşür, süründürməçilik halları çoxalır. Cənab Prezidentin məhkəmə islahatlarının dərinləşdirilməsi barədə Fərmanı ilə hakim ştatlarının daha 200 vahid artırılması bu baxımdan xüsusi önəm daşıyır.

Bununla əlaqədar hakimliyə namizədlərin seçimində çevikliyin artırılması, habelə namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydalarına bu ay keçirilmiş iclasımızda müvafiq dəyişikliklər edilib.

Hakimlərin Seçki Komitəsində isə namizədlərin sənəd qəbulunun davamlı olması, test imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən müasir üsullarla, hər bir namizəd üçün fərdi kompüterlər vasitəsilə və 200-250 nəfərlik qruplarla keçirilməsi barədə qərar qəbul olunub.

Artıq iyul ayının 25-dən növbəti müsabiqə də elan olunub.

Ümid edirəm ki, dövlətimizin başçısı tərəfindən yeni ayrılmış hakim ştatları bu müsabiqələrin nəticəsində tam komplektləşdiriləcəkdir.

Bununla yanaşı, hakimlərin iş yükünün digər vasitələrlə azaldılması məsələsi də daim diqqətdə saxlanılır. Mütəmadi təhlillər aparılır, istər qanunvericilik, istərsə də müxtəlif institusional tədbirlər həyata keçirilir.

Çox uzağa getmədən son dövrlər həyata keçirilən qanunvericilik tədbirlərinə nəzər salsaq görərik ki, icra sənədi üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətinin məhkəmələrdən alınaraq icra məmurlarına həvalə edilməsi məhkəmələrin işini xeyli yüngülləşdirib. Həmçinin ötən ildən nümayəndəlik institutunun məhdudlaşdırılması öz növbəsində məhkəmələrə verilən iddiaların peşəkar hüquqşünaslar tərəfindən daha mükəmməl hazırlanmasına rəvac verib, bu da əsassız iddiaların azalmasına gətirib çıxarıb.

Cari ildən isə mülki-prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar əmr icraatları üzrə işlərə məhkəmədənkənar elektron qaydada baxılması, bəzi kateqoriya işlər üzrə sadələşdirilmiş icraatın təsbit olunması iş yükünün daha da azalmasına əsaslı zəmin yaradıb.

Digər mühüm yenilik isə cari ildə “Mediasiya haqqında” Qanunun qəbul edilməsi, bununla da mülki xarakterli mübahisələrin məhkəmədən kənar həlli mexanizmlərinin yaradılmasıdır. Bu institutun müstəsna əhəmiyyətini nəzərə alan möhtərəm Prezidentimizin Fərmanında Ədliyyə Nazirliyinə mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi tapşırılıb və artıq bu istiqamətdə işlər aparılmaqdadır. Fərmana əsasən, həmçinin xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair tədbirlər görülür.

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı əldə ediblər. Hər bir kəs “şəxsi elektron kabinet”ə sahib olmaqla məhkəməyə sənədləri elektron formatda ötürə, məhkəmə işinin materialları ilə ətraflı tanış ola, proseslər barədə məhkəməyə gəlmədən xəbər tuta bilərlər.

Eyni zamanda, sistemin məhkəmə proseslərinin audioyazılışının aparılması, elektron sənəd dövriyyəsinin təşkili, yekun məhkəmə qərarlarının elektron dərci, müxtəlif meyarlar əsasında axtarış aparılması və digər məziyyətləri, sözsüz ki, hakimlərin də işinin asan və səmərəli təşkilinə öz real müsbət təsirini göstərir.

Ötən dövrdə sistemin tətbiqi üzrə məhkəmələr zəruri infrastrukturla təchiz olunub, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində köhnə məhkəmə binalarında da uyğunlaşdırma işləri aparılaraq lazımi avadanlıq quraşdırılıb. Bu günə artıq 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub və bir çox komponentləri, o cümlədən Məhkəmələrin Vahid Portalı, Məhkəmə Prosesi İştirakçısının Şəxsi Kabineti, Elektron İcra, Məhkəmə Qərarlarının Vahid Bazası və bir sıra alt sistem və modulları hazırda uğurla tətbiq olunur.

Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanında elektron məhkəmə ilə respublikanın bütün ərazisinin əhatə olunmasına və sistemin bütövlükdə ahəngdar işləməsinin təmin olunmasına yönəlmiş tapşırıqlar verilib. Artıq həmin tapşırıqların icrası üzrə zəruri tədbirlər görülür.

- Ətraflı müsahibəyə görə minnətdarlığımızı bildiririk. İstərdik sonda cəmiyyətdə böyük maraq doğuran ədliyyə sahəsində innovasiyalar barədə də qısa məlumat verəsiniz.

- Bu gün ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Qısa olaraq yalnız bəzi yenilikləri diqqətə çatdırmaq istərdim. Belə ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən xüsusi “Elektron Notariat çantası” hazırlanıb. Elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan bu “çanta” vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.

“Elektron Ədliyyə köşkü” də maraqlı yenilikdir. Yalnız Azərbaycanda mövcud olan bu “köşk” vasitəsilə təxirəsalınmaz hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkündür. Bu “köşk”lər sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılır. Bu qurğular videoəlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə “köşk” hava limanında quraşdırılaraq artıq 4 aydır ki, istifadəyə verilib.

Həmçinin Azərbaycanın məhsulu olan “Mobil Notariat qovluğu”nu qeyd etmək istərdim. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir.

Dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyən edilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq edilib.

Sadaladığım bu innovasiyalar qısa müddət ərzində tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa da səbəb olub. Elə bu ay Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri geniş nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib, bu innovasiyalarla tanış olub və ölkəsinin Azərbaycan təcrübəsindən bəhrələnməsinin əhəmiyyətini bildirib.

- Cənab nazir, bizə vaxt ayırdığınıza və dəyərli fikirlərinizlə bölüşdüyünüzə görə bir daha dərin minnətdarlığımızı bildirir, bilavasitə insanlara, onların hüquqlarının etibarlı təminatına yönəlmiş islahatların həyata keçirilməsində sizə uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik direktor və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər