AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT KATİBİ BRİFİNQ KEÇİRMİŞDİR
Mətbuat katibi KİV nümayəndələri qarşısında çıxış edərək dedi:
- Bildiyiniz kimi, dünən Azərbaycanda Milli Məclisə seçkilər başa çatmışdır. Bu seçkilərin demokratik, şəffaflıq şəraitində keçirilməsi üçün seçkiqabağı dövrdə dövlətimizin başçısı tərəfindən bir sıra mühüm sənədlər imzalanmış və bu istiqamətdə ölkədə çox mühüm tədbirlər görülmüşdür. Bunun nəticələri dünənki seçkilərin keçirilməsi zamanı xalqın iradəsinin tam şəkildə ifadə olunmasında özünü göstərmişdir. Seçkilər demokratik və şəffaf şəraitdə keçmiş və xalq öz iradəsini ifadə edə bilmişdir.
Seçkilərin keçirilməsini minlərlə yerli və beynəlxalq müşahidəçi izləmişdir. Seçkilərin ilkin nəticələri ilə əlaqədar bir neçə sənəd hazırlanmışdır və bunlardan biri də Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının bəyanatıdır. Bu sənəddəki ilkin nəticələr və müddəalarla əlaqədar bəzi müxalifət dairələri, bir sıra kütləvi informasiya vasitələri tərəfindən müxtəlif qiymətləndirmələr olmuşdur. Lakin bəyanatın ümumi səciyyəsinə müsbət qiymət vermək olar. Belə ki, sənəddə seçki günü missiyanın müşahidələr apardığı seçki məntəqələrindən 87 faizində səsvermənin müsbət keçdiyi öz əksini tapmışdır ki, bu da çox böyük rəqəmdir.
Eyni zamanda, diqqətinizə belə bir məqamı çatdırmaq istərdim. Bildiyiniz kimi, bu gün Missiya “Hyatt-Regency-Naxçıvan” mehmanxanasında Azərbaycanda seçkilərin ilkin nəticələri ilə əlaqədar mətbuat konfransı keçirmişdir. Bu mətbuat konfransı zamanı baş vermiş bir məsələni diqqətinizə çatdırmaq üçün sizi dəvət etmişəm. Belə ki, ATƏT-in Parlament Assambleyası sədrinin çıxışını tərcümə edən xanım çox kobud, həm linqvistik, həm leksik, həm də digər səhvlər buraxaraq, ATƏT PA sədrinin sözlərinin tərcüməsində çox böyük səhvə və təhrifə yol vermişdir. Orada iştirak edən bəzi jurnalistlər bundan sevinərək, məsələnin mahiyyətinə varmadan, bir şou düzəldərək əl çalmışlar.
Sözün düzü, orada əyləşən xarici müşahidəçilərin özləri də anlamamışlar ki, bu “əl çalmaların” mənası nədən ibarətdir. Tərcüməçi ATƏT PA sədrinin dediyi bir cümləni, - hansı ki, bu “əl çalmalar” doğurmuşdur, - belə tərcümə etmişdir: “Dünən keçirilmiş seçkilər ATƏT tərəfindən qoyulmuş öhdəliklərə və demokratik seçkilərin keçirilməsi sahəsində mövcud olan beynəlxalq standartlara cavab verməmişdir”. Belə kobud səhvlərə yol verən tərcüməçi xanım sanki sevincək halda “verdikti” - qərarı mətbuat nümayəndələrinin və QHT təmsilçilərinin və digər şəxslərin diqqətinə çatdıraraq, kobud səhvə yol vermişdir. Lakin mən sizin diqqətinizə həmin cümlənin doğru-düzgün tərcüməsini çatdırmaq istəyirəm: “Dünənki seçkilər demokratik seçkilərin keçirilməsi sahəsində mövcud olan bir sıra ATƏT öhdəliklərinə və Avropa Şurası standartlarına cavab verməmişdir”. Yenə deyirəm ki, xanım “ATƏT tərəfindən qoyulmuş öhdəliklərə və demokratik seçkilərin keçirilməsi sahəsində mövcud olan beynəlxalq standartlara” kimi tərcümə etmişdir. Assambleyanın sədri isə deyir: “ATƏT öhdəliklərinə və Avropa Şurası standartlarına”. Yəni o, beynəlxalq standartlar ifadəsi işlətmir.
İkinci bir kobud səhv. Xanım deyir ki, “beynəlxalq standartlara cavab verməmişdir”. Parlament Assambleyasının prezidenti isə deyir ki, “bir sıra ATƏT öhdəliklərinə və Avropa Şurası standartlarına cavab verməmişdir”.
Gördüyünüz kimi, bu, ictimai rəydə səhv fikir yaratmaq məqsədi güdür. Mən xanımın bu cür tərcüməsindən doğrudan da təəssüflənirəm. Əfsuslar olsun ki, Azərbaycanda seçkilər kimi mühüm bir prosesin ilkin qiymətləndirilməsi zamanı, ilkin informasiya gedən zamanı bu cür səhvə yol verilmişdir.
Təəssüf ki, ümumiyyətlə, Azərbaycanda parlament seçkiləri kimi, digər mühüm siyasi tədbirlər və görüşlər zamanı bəzi səfirliklər, missiyalar, beynəlxalq təşkilatlar yerli tərcüməçilərin qüvvəsindən istifadə edərkən, onların təcrübəli olub-olmamasına, xarici dili hansı səviyyədə bilməsinə və digər meyarlara diqqət yetirmirlər. Bu da sonra bu cür kobud səhvlərə yol verilməsinə gətirib çıxarır.
Mən bir daha diqqətə çatdırmaq istərdim ki, tərcüməçilər seçilərkən onlara diqqət vermək lazımdır. Çünki bu, adi bir səhv deyil, bu, ictimai rəyə, ümumiyyətlə, beynəlxalq təşkilatların rəyinə necə deyərlər, xələl gətirən səhvlərdəndir.