AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT KATİBİ BRİFİNQ KEÇİRMİŞDİR
Mətbuat katibi KİV nümayəndələri qarşısında çıxış edərək dedi:
- Bugünkü görüşümüz xüsusi bir xarakter daşımır. Sadəcə, seçkilərin nəticələri, gedən proseslər, onların işıqlandırılması, hesabatlar və digər məsələlərlə əlaqədar mən aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrini dəvət etmişəm. Amma müəyyən texniki səbəblərdən hamını dəvət edə bilməmişəm. Ona görə üzrxahlıq edirəm.
Bildiyiniz kimi, mətbuat katibi olaraq mən Seçkilərin Müşahidəsi üzrə Beynəlxalq Missiyanın mətbuat konfransında qeyri-dəqiqliyə, kobud, təhrifə yol verilməsi ilə əlaqədar dünən Prezidentin mətbuat xidməti adından məlumat vermişdim. Həmin mətbuat konfransında ATƏT-in Parlament Assambleyası sədrinin sözləri təhrif olunmuşdur. Belə ki, o, “Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab vermir” deməmişdir. O, sadəcə demişdir ki, Azərbaycanda keçirilən seçkilər bir sıra ATƏT öhdəliklərinə və Avropa Şurası standartlarına cavab vermir. Bunlar tamamilə fərqli məsələlərdir. Ona görə də mən bu kobud təhrifə yol verildiyinə görə, dünən bu məlumatı sizin diqqətinizə çatdırdım.
Əfsuslar olsun ki, bu gün yenə də ATƏT-in beynəlxalq saytında başlıq kimi çıxarılmışdır: “Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab vermir”. Biz bu gün ATƏT-in müvafiq nümayəndələri və müşahidəçilər ilə əlaqə saxladıq. Onlar bu iradımızı ciddi şəkildə qəbul etdilər və bunun tez bir zamanda düzələcəyinə əminliklə söz verdilər. Bir sıra müxalifət qəzetləri, müxalifətdən olan müşahidəçilər və digər insanlar bundan sui-istifadə edərək, ATƏT-in bu məlumatına dərhal bugünkü qəzetlərdə, digər mətbu orqanlarda istinad etməyə başlayıblar və bunu şişirdirlər.
Yenə qeyd edirəm ki, bu fikir tərcüməçi tərəfindən çox təhrif olunmuş və kobud səhvə yol verilmişdir. İngilis dilində, ümumiyyətlə, hər hansı bir dildə belə söz işlənilməyib ki, Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab verməyibdir. Heç bir orqan, beynəlxalq təşkilat, rəsmi nümayəndə tərəfindən bu cür sözlər işlənilməyibdir. Bildirmək istəyirəm ki, bununla əlaqədar bütün saytlara nəzər salsanız, rəsmi qəzetlərdə və orqanlarda belə şey tapa bilməzsiniz.
İkinci bir məsələ ilkin hesabatlar, dəyərləndirmələr, qiymətləndirmələrlə əlaqədardır ki, burada da ictimai rəyi çaşdırmaq istəyiblər. Bilirsiniz, bir var ekspertlər, bu işlə məşğul olan insanlar,- bütün ölkələrdə bu, sayca az faiz təşkil edir, - bir də var adi insanlar. Əlbəttə, adi insanlar, xalqımız bu seçkilərdə öz iradəsini tam ifadə edibdir.
Bunu edənlər ona nail olmaq istəyirlər ki, ictimaiyyətin hansısa bir hissəsini çaşdırsınlar. Mən hesabatlar və müşahidəçilərin dəyərləndirmələri, qiymətləndirmələri məsələsinə də toxunmaq istəyirəm. Azərbaycanda seçkilərlə əlaqədar Seçkiləri Beynəlxalq Müşahidəçilər missiyasının və digərlərinin ilkin hesabatları, bəyanatları çox normal sənədlərdir. Mən indi bir neçə sənədə istinad edəcəyəm.
“PA Consaltinq Group” təşkilatının rəqəmləri hamıya məlumdur. Azərbaycanda seçkilərin ilkin nəticələri ilə 80-85 faiz civarında uyğunluq vardır. Bunu biz demirik, “PA Consaltinq Group” deyir. Kimsə bu rəqəmə hansısa başqa bir don geyindirirsə, bu, onların öz problemidir. Bir sıra müxalifət nümayəndələri tam məğlubiyyətlərini görüb artıq aydın və məlum olan rəqəmlər üzərində cürbəcür oyunlar aparmağa başlayırlar. Azərbaycanda seçkilərin ilkin rəsmi nəticələri ilə “PA Consaltinq Group”un nəticələrinin 80-85 faiz üst-üstə düşməsi çox böyük və normal göstəricidir.
Hesabatda göstərildi ki, müşahidəçilər missiyası müşahidələr apardığı seçki məntəqələrinin 87 faizində səsverməni müsbət qiymətləndirir. Bəli, heç nəyi gizlətmirik, heç bir şeyi gizlətmək də lazım deyildir. Burada digər bir ifadə də var ki, kifayət qədər yüksək göstərici kimi 13 faizdə isə mənfi qiymətləndirilibdir. Səsvermə məntəqələrin 87 faizində müsbət, 13 faizində mənfi qiymətləndirilibdir. Məgər 87 faiz kiçik rəqəmdir?! 87 faiz çox yüksək və normal bir rəqəmdir.
Bir çox seçki məntəqələrində, seçki dairələrində məntəqə, dairə komissiyalarında, müxalifətdən olan üzvlər də daxil olmaqla, demək olar ki, protokollar tam şəkildə imzalanıbdır. Bir neçə rəqəmlər var. Məsələn, Ağstafa rayonunda seçki məntəqələrindən 34-dən 28-i, Qazaxda 38-dən 36-sı protokolları imzalayıbdır. Yəni müxalifət təmsilçiləri də daxil olmaqla, bu protokollar imzalanıbdır. Bunların hamısı rəqəmlərdir.
Hesabatlarla əlaqədar əsas məqamlardan biri də seçkilərdə uduzduqlarını tam görən müxalifət nümayəndələrinin ABŞ Dövlət Departamentinin, ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının mövqeyinə istinad etməsidir. Bununla əlaqədar müxtəlif interpretasiyalar var. Dövlət Departamentinin dünənki məlum bəyanatı və digər məsələlərlə əlaqədar müxalifət bəyanatlar verir, onların mətbuatı cürbəcür sərlövhələr çıxarır ki, guya Amerika Birləşmiş Ştatları seçkiləri belə saydı, elə saydı. Amma gəlin sənədə baxaq. Sənədlər hər şeyi öz yerinə qoyur.
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi nümayəndəsi Adam Erelinin dünənki bəyanatı hamıda var. Aydındır ki, indi hamı internetdən istifadə edir, yəni bu açıq bir informasiyadır. O, başlayan kimi nəyi qeyd edir. Mən bunu ingilis dilində də deyirəm. Azərbaycan dilində isə belədir: “ABŞ inanır ki, noyabrın 6-da keçirilmiş parlament seçkiləri müəyyən sahələrdə əvvəlki seçkilərlə müqayisədə irəliyə doğru addım olmuşdur”. Maraqlısı odur ki, Amerika Dövlət Departamenti nümayəndəsinin bəyanatında cümləyə olduğu kimi, obyektiv istinad olunubdur.
Mən dünənki məsələyə qayıdıram. Orada da deyilib və ABŞ Dövlət Departamentinin bəyanatında da deyilir ki, Azərbaycandakı seçkilər bir sıra beynəlxalq standartlara cavab verməyibdir. Bir sıra, amma tam yox.
Bunu hamı bilməlidir. Amerika Dövlət Departamentinin bəyanatından ikinci bir cümlə: “Çoxlu sayda namizədin qeydiyyata alınması və onların mətbuatdan geniş şəkildə istifadə etmələri ilə bağlı Azərbaycan hökumətinin qərarı seçki günü seçicilərin əsil seçim edə bilmələri üçün imkan yaratmışdır”. Bəyanatda sonra deyilir: “Prezident tərəfindən 11 may və 25 oktyabrda imzalanmış Sərəncamlarda öz əksini tapmış tədbirlərin yerinə yetirilməsi, o cümlədən exit-polların keçirilməsi, seçkilərə çoxsaylı yerli və xarici müşahidəçilər tərəfindən nəzarət edilməsi, seçici siyahılarının təkmilləşdirilməsi və barmaqların mürəkkəblə boyanması səsvermənin daha da düzgün və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəsini vermişdir”. Bu, Dövlət Departamentinin bəyanatında deyilir.
Bu məsələ ilə əlaqədar çox vaxtınızı almaq istəmirəm. Azərbaycan-ABŞ münasibətlərinə toxunan Dövlət Departamentinin bəyanatında deyilir: “Bizim Azərbaycanla münasibətlərimiz mövcuddur. Biz bu münasibətləri davam etdirmək fikrindəyik. Azərbaycan ilə bir çox sahələrdə - enerji, təhlükəsizlik, terrorizmlə mübarizə, iqtisadiyyat, siyasət sahələrində, regional və çoxtərəfli əsasda əməkdaşlıq etməliyik. Bu proses irəliyə doğru gedəcəkdir”. Əsas məqamlardan biri də odur ki, jurnalist, kütləvi informasiya vasitəsinin nümayəndəsi Adam Ereliyə qayda pozuntuları və saxtakarlıqlarla, irəli sürülmüş iddialarla əlaqədar bir də sual verərkən, Adam Ereli ona belə cavab verir: “Ciddi qayda pozuntuları və saxtakarlıqla bağlı irəli sürülmüş iddialar vardır. Lakin bunlara görə bütün seçki prosesini ittiham etmək olmaz”. Bu, bir sənəddir. İngilis dilində də deyilir. Mətbuat orqanları, müxalifət nümayəndələri bunun müəyyən hissələrini çıxararaq, başqa yerlərini verirlər. Yəni, ictimai rəyi, fikri çaşdırmaq istəyirlər. Bu, necə deyərlər, çox ucuz variantlardan biridir ki, insanlar da buna inanmırlar. Gördüyünüz kimi, bu, sənədlərdə də öz əksini tapmamışdır.
Bilirsiniz ki, dünən Avropa İttifaqının nümayəndə heyəti Bakıda Xarici İşlər Nazirliyində görüş keçirmişdir. Avropa Parlamentinin rəhbəri xanım Mariya Beguenin başçılıq etdiyi nümayəndə heyəti Xarici İşlər Nazirliyində olarkən qonaqlar Azərbaycanın müxtəlif bölgələrində parlament seçkilərini müşahidə etdiklərinə toxunmuş, bir sıra məntəqələrdə seçkilərin nəticələrinə təsir etməyən xırda nöqsanların olduğunu nəzərə çatdıraraq, ümumilikdə, seçkilərin normal keçdiyini vurğulamışlar.
Türkiyədən olan nümayəndə heyətləri, müşahidəçilər, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı və sair. Almaniya parlamentinin deputatı, sabiq Baş nazir Verner Münxin sözlərinə istinad edirəm: “Mən beynəlxalq müşahidəçi kimi həm seçkiqabağı son mərhələni, həm də seçkiləri izləmiş, 10-a yaxın seçki məntəqəsində olmuşam. Bu, çox yüksək səviyyədə hazırlanmış və həyata keçirilmiş akt idi. Azərbaycan demokratiya yolunda çox yüksək səviyyəli addımlar atmışdır”. Belə faktları çox göstərmək olar. Bildiyiniz kimi, ABŞ-ın Strateji Araşdırmalar İnstitutunun direktoru Cozef Bodanski dünən cənab Prezidentlə görüşdü. O da Azərbaycanda demokratiya sahəsində irəliyə doğru addımları yüksək qiymətləndirdi. Bunların sayını artırmaq da olar. Sadəcə, vaxt buna imkan vermir.
Biz yenə də deyirik - tənqidləri də görürük, ümumiyyətlə, tənqidlərlə bağlı qeydləri də nəzərə alırıq. Bütün bunlar faktdır. Amma eyni zamanda, təkcə tənqidləri vermək və saxtakarlıq edib, kobud təhriflərə yol verib, kobud tərcümə texnikasından istifadə edib bunları ictimai rəyə bu cür təqdim etmək, bu cür metodlara əl atmaq yalnız və yalnız bir sıra müxalifət nümayəndələrinin və partiyalarının seçkilərdə uduzmalarını bilavasitə boyunlarına alması deməkdir.
Sonuncu bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, dünən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində də seçkilərin tam şəffaf, demokratik şəkildə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını və seçkilərin nəticələrinin xalqın iradəsini tam əks etdirdiyini bildirmişdir. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etdi ki, müəyyən məntəqələrdə qanun pozuntularına yol verilibdir. Bu qanun pozuntuları ümumi mənzərəyə heç cür xələl gətirməməlidir və gətirə də bilməz. Biz bununla əlaqədar ciddi tədbirlər həyata keçirəcəyik. Prokurorluq orqanlarına da tövsiyə olundu ki, bununla əlaqədar ciddi tədbirlər görülsün.
Məlumat üçün diqqətinizə çatdırıram ki, Mərkəzi Seçki Komissiyası qanun pozuntuları ilə əlaqədar ilkin sənədləri artıq tamamlamaq üzrədir. Onlar çox yaxın zamanda Respublika Prokurorluğuna təqdim olunacaqdır. Prokurorluq MSK-nın təqdimatına uyğun şəkildə qanun pozuntularını ciddi surətdə araşdırmağı planlaşdırır. Yəqin ki, yaxın günlərdə Azərbaycan Respublikası Prokurorluğunun bununla əlaqədar bəyanatı da kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılacaqdır.
Bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün sahələrdə - iqtisadi, sosial, siyasi sahələrdə inkişaf göz qabağındadır. Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan regionda aparıcı dövlətə çevrilmişdir. Azərbaycan iqtisadi artım sürətinin göstəricilərinə görə dünyada birinci yeri tutur. Bu, özünü azərbaycanlı sayan hər bir vətəndaş üçün fəxr etməli faktdır. İqtisadi inkişaf sürəti, adambaşına düşən birbaşa xarici sərmayənin həcmi, minimum əmək haqlarının dəfələrlə artırılması, tələbələrin təqaüdlərinin, maaşların artırılması – bütün bunlar böyük inkişafın nəticəsidir. Bu inkişafı dananlar öz millətinə, vətəninə, xalqına xəyanət edən insanlardırlar. Bunu Azərbaycan vətəndaşları gözəl bilir. Ona görə də seçkilərdə iradələrini bir daha ortaya qoydular, tam aydın şəkildə ifadə etdilər.
Nəzərə almaq lazımdır ki, son dövrdə Azərbaycanın inkişaf yoluna bir daha nəzər salsaq görərik ki, Azərbaycanın sürətli inkişafı bütün sahələrdə göz qabağındadır. Qısa müddət ərzində Azərbaycanda demokratiya sahəsində bu qədər irəliləyişlər əldə olunub, seçkilərin keçirilməsi üçün bütün şərait yaradılmışdır ki, bu da bütün beynəlxalq aləm tərəfindən tanınır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan qonşularla normal münasibətlər qurmuşdur, Avratlantik strukturlara inteqrasiya prosesi sürətlə gedir, ölkəmizdə qlobal enerji layihələri həyata keçirilir. Azərbaycan regionun aparıcı dövləti olmaqla bərabər, ümumiyyətlə, beynəlxalq aləmdə, Avropa təhlükəsizlik arxitekturasında, dünyada gedən proseslərdə fəal iştirak edən və bu proseslərə təsir edən bir ölkəyə çevrilmişdir. Bütün bunlara görə bir daha deyirəm ki, xalqımız bunları yaxşı görərək, öz iradəsini ifadə etdi. Yuxarıda sadaladığım interpretasiyalar və saxtakarlıqlar isə bu proseslərə mane ola bilməz.
Brifinqdə jurnalistləri maraqlandıran suallara da cavab verildi.