Azərbaycan Prezidentinin Münxen Konfransında iştirakı ölkənin müsbət imicini daha da yaxşılaşdırır - ŞƏRH
Bakı, 18 fevral, AZƏRTAC
İkinci Qarabağ müharibəsindən sonrakı proseslər ölkədəki sosial-iqtisadi inkişafı stimullaşdırmaqla bərabər, siyasi islahatların da keçirilməsini zərurətə çevirir. Dəyişən dəyərlər sistemi ənənəvi düşüncələrdən yaxa qurtarmağı, idarəetmədə və dövlət-cəmiyyət münasibətlərində yeniliklərin həyata keçirilməsini labüd edir. Həmçinin daha sivil, demokratik, yeni idarəetmə modelinin tətbiq olunmasına ehtiyacı da ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov söyləyib.
O qeyd edib ki, Qərbə inteqrasiya prosesinin daha da sürətləndirilməsi ən optimal seçim olaraq qiymətləndirilə bilər. Heç şübhəsiz ki, Qərbin qəbul etmədiyimiz və milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən müəyyən adət-ənənələrinin, norma və prinsiplərinin mövcudluğu bizi narahat edir. Amma Qərbin həm də müasir texnologiyanın, təhsilin, elmin, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının, sosial ədalətin daha çox inkişaf etdiyi bir məkan olduğunu da bilməliyik. Bu baxımdan inteqrasiyanı daha düzgün və düşünülmüş, milli maraqlarımıza uyğun şəkildə həyata keçirməyimiz gələcək inkişafımız, təhlükəsiz, ədalətli və demokratik dəyərlərin daha yaxşı təmin olunduğu cəmiyyətdə yaşamağımız üçün əhəmiyyətlidir.
“Məhz Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında (MTK) iştirakı və mühüm görüşlər keçirməsi kifayət qədər önəmlidir. Dövlətimizin başçısının ikitərəfli görüşlər keçirməsi, müxtəlif toplantılarda ənənəvi və bərpaolunan enerji sahəsində və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı çıxışlar etməsi kifayət qədər maraqla qarşılanır. Bu cür görüşlər həm də Azərbaycanın ənənəvi güclərin təsirindən çıxmaqla, Qərbə inteqrasiya prosesini sürətləndirir. Eyni zamanda, ölkənin müsbət imicini daha da yaxşılaşdırır, nüfuzunu artırır.
Nəzərə alsaq ki, tədbirin keçirildiyi Almaniya Avropanın və ümumilikdə dünyanın ən inkişaf etmiş, güclü və dayanıqlı iqtisadiyyata, müasir silah və texnologiyanın mövcud olduğu orduya, sosial rifahın, yüksək mədəniyyətin, təhsilin təmin olunduğu ədalətli cəmiyyətə malik dövlətlərdən biridir. Deməli bu platformadan istifadə etməklə, həm də Almaniya ilə münasibətlərin genişləndirilməsi, təkcə enerji resurslarının birtərəfli qaydada ixracı deyil, ticari, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin mövcud imkanlarından səmərəli istifadəsi, o cümlədən, regional təhlükəsizliyin təmin olunması baxımından önəmlidir”, - deyə R.Hüseynov vurğulayıb.