Azərbaycan Prezidentinin siyasətinin strateji hədəfi dövlətimizin müstəqilliyini daha da möhkəmləndirməkdir
Bakı, 30 yanvar, Təhminə Hümbətova, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm hissəsini təşkil edir və bu proqramların birbaşa müəllifi dövlətimizin başçısıdır. İndiyədək həyata keçirilən Dövlət proqramları Azərbaycanın regionlarında dönüş yaratdı və bölgələrin sürətli inkişafını təmin etdi. Bugünkü nailiyyətlərimizin böyük bir hissəsi də həmin proqramların uğurla həyata keçirilməsinin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu proqramların əsas xüsusiyyətləri Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, eləcə də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin strateji hədəfi ölkəmizin qüdrətini artırmaq və onun müstəqilliyini möhkəmləndirməkdir.
Aydın Hüseynov qeyd edib ki, görülən işlərin nəticəsi olaraq son 14 il ərzində Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bu da çox böyük göstəricidir. Azərbaycan iqtisadiyyatı 14 il ərzində 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Bu kimi böyük nailiyyətlərimiz çoxdur. Konkret olaraq onu demək olar ki, bu Dövlət proqramlarının icrası sayəsində regionlarımızda həm aqrar sahədə, həm də sənaye sahəsində çox böyük nailiyyətlər əldə olunub. Azərbaycanda böyük maliyyə qaynaqları və iqtisadi baza formalaşır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu proqramın davamı olaraq yeni bir proqram tərtib olunacaq və bu da ölkəmizin gələcəkdə də dayanıqlı iqtisadi inkişafını təmin edəcək.