“AZƏRBAYCAN” QƏZETİ İLƏ RUSİYANIN “NOVOSTİ” AGENTLİYİARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də bu istiqamətdə daha bir addım atılmışdır. “Azərbaycan” qəzeti ilə Rusiyanın “Novosti” informasiya agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Qəzetin redaksiyasında keçirilmiş imzalanma mərasimində “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov qeyd etmişdir ki, Azərbaycan qonşu ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün səy göstərir. Ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi qonşu xalqların bir-biri haqqında obyektiv məlumat almasına şərait yaratmaqla bərabər, onları daha da yaxınlaşdırmağa kömək edir. “Novosti”nin MDB və Baltik ölkələri baş direktorluğunun direktor müavini Valeri Yenin bildirdi ki, onun təmsil etdiyi agentlik əməkdaşlıq üçün Azərbaycanı təsadüfən seçməmişdir: ölkələrimizin xalqları arasında ənənəvi xoş münasibətlər qarşılıqlı əməkdaşlığı möhkəmlətməyə zəmin yaradır.
Müqaviləyə uyğun olaraq, “Azərbaycan” qəzeti ayda iki dəfə “Novosti”nin qonşu ölkənin həyatından hazırladığı və ikitərəfli əlaqələrin müxtəlif aspektlərini əks etdirən materiallardan ibarət “Rusiyadan xəbərlər” adlı əlavə buraxacaqdır.
Tərəflər gələcəkdə təcrübə mübadiləsi imkanlarını da nəzərdən keçirmiş və bu istiqamətdə səy göstərəcəklərini bildirmişlər.