AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ İLƏ DÜNYA BANKI ARASINDA YAPONİYA QRANTI SƏNƏDİ İMZALANMIŞDIR
Qeyd edildi ki, ölkəmizdə hasil edilən qazın 60 faizi “Günəşli” yatağının payına düşür. 25 ildir bu strukturda istismar işləri aparıldığından lay enerjisinin təbii azalması nəticəsində bəzi quyulardan çıxarılan aşağı təzyiqli qazın sahilə nəqli imkanları azalır, itkilər artır, ekologiyaya zərər dəyir. İtkilərin azalması, ətraf mühitin mühafizəsi, təbii qazdan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə yataqdan çıxarılan qazın yığılıb boru xətləri vasitəsilə 4 saylı platformada tikiləcək kompressor stansiyasına ötürülməsi, oradan isə Neft daşlarındakı kompressor stansiyasına nəqli layihəsi hazırlanmışdır. Aparılmış texniki-iqtisadi hesablamalar layihənin sərfəli olduğunu sübut etmişdir. Qoyulan sərmayənin 5 ilə öz xərcini ödəyəcəyi proqnozlaşdırılır.
Dənizin 100 metr dərinliyində stasionar platforma üzərində kompressor stansiyasının tikintisi və yataq üzrə xüsusi texniki şəbəkənin qurulması kifayət qədər mürəkkəb layihə olduğundan hazırda qrant sazişi çərçivəsində xarici ekspertlərin rəy və təkliflərinin öyrənilib nəzərə alınmasına da böyük əhəmiyyət verilir.
Xatırladaq ki, “Günəşli” yatağından çıxan aşağı təzyiqli qazın yığılaraq sahilə nəqli sisteminin yenidən qurulması tədbirləri Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il fevralın 14-də təsdiq etdiyi “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.