AZƏRBAYCAN RESPUBLİKASI TARİF (QİYMƏT) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin təklifləri əsasında Kənd Təsərrüfatı Nazirliyinin Respublika Toksikologiya Nəzarət Laboratoriyasında və dövlət tibb müəssisələrində həyata keçirilən pullu xidmətlərin tariflərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Şuranın qərarına əsasən, qaz romatoqrafı və kalorimetr üsulu ilə pestisidlərin suda, torpaqda, qida, kənd təsərrüfatı və şərabçılıq məhsullarında kimyəvi qalıq miqdarının təyini üzrə bir analiz üçün tarif 9,1 manat, pestisidlərin keyfiyyət göstəricilərinin təyin olunması tarifi 11,3 manat, kənd təsərrüfatı məhsullarında nitrat və nitritin qalıq miqdarının təyini üçün 1,7 manat, pestisidlə dərmanlanmış toxum və çiyidin faizlə miqdarının təyin edilməsi tarifi isə 5,3 manat məbləğində müəyyənləşdirilmişdir.
Laboratoriyanın göstərdiyi xidmətlər üzrə tariflər 2006-cı il avqustun 1-dən qüvvəyə minəcəkdir.
Müqayisə üçün qeyd edək ki, oxşar xidmətlər üzrə tariflər Türkiyə, Rusiya və Gürcüstanda müvafiq surətdə 270 manat, 45 manat və 36 manat təşkil edir.
Tarif Şurasının iclasında, həmçinin səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, bu xidmətlərin istifadəçilərinə seçim imkanının yaradılması və tariflərin vahid sisteminin formalaşdırılması məqsədi ilə dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi xidmətlərin tarifləri də müzakirə edilmişdir.
Aparılan müzakirələrdən sonra səhiyyə tariflərinin tənzimlənməsi məsələsinin sosial əhəmiyyət daşıdığını, tariflərin tətbiqinin əhatə dairəsinin və xidmətlərin sayının çoxluğunu nəzərə alaraq, bu sahədə xidmətlərin tariflərinə bir sıra hüquqi məsələlərin müvafiq orqanlar tərəfindən həll olunmasından sonra baxılması qərara alınmışdır.