AZƏRBAYCAN RESPUBLİKASI VƏ RUSİYA FEDERASİYASI TİCARƏT VƏ SƏNAYE PALATALARI ARASINDA SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sənəd imzalanmazdan əvvəl Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti, MDB Ölkələri Ticarət və Sənaye Palataları Şurasının sədri Süleyman Tatlıyev rusiyalı həmkarı Yevgeni Primakovu səmimi salamlamış və demişdir: Əminəm ki, bu gün imzalayacağımız saziş ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mal dövriyyəsi ildən-ilə artır. Təkcə bu ilin dörd ayında mal dövriyyəsi 42,5 faiz artmışdır. Azərbaycanla mal dövriyyəsinin səviyyəsinə görə Rusiya Federasiyası İtaliyadan sonra ikinci yeri tutur. Artıq müəssisələrimiz arasında əlaqələr yaranmaqdadır. Bu əlaqələrin necə inkişaf edəcəyini isə zaman göstərəcəkdir.
Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının prezidenti Yevgeni Primakov demişdir ki, nümayəndə heyətimizin Azərbaycana səfərinə, imzalayacağımız sazişə böyük əhəmiyyət veririk. Bu saziş çərçivə xarakteri daşıyır və birgə fəaliyyət istiqamətlərini nəzərdə tutur. Biz birgə çalışacaq və ölkələrimiz arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bundan ötrü yaxşı zəmin vardır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya səfəri münasibətlərimizin inkişafına təkan vermişdir. İndiki səfərimizə isə prezidentimiz Vladimir Putinin xeyir-duası ilə gəlmişik. MDB Ölkələri Ticarət və Sənaye Palataları Şurasının yaradılması çox əhəmiyyətlidir. Bir yerdə işləyəcəyik. Məsələn, ekspertiza sahəsində əlbir fəaliyyət göstərəcək, iş adamlarımız üçün zəruri olan məlumat bankı yaradacağıq və sair. Şuraya rəhbərlik növbəlidir. Bu il rəhbərlik Azərbaycana həvalə olunub. Uğurlar arzulayıram.
Süleyman Tatlıyev və Yevgeni Primakov Azərbaycan Respublikası və Rusiya Federasiyası ticarət və sənaye palataları arasında əməkdaşlıq haqqında sazişi imzalamışlar.
Jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.