AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ
Hörmətli Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşları!
Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini Azərbaycan dövlətinin ali məqsədi elan etmiş və bu dəyərlərin qorunması üçün etibarlı mexanizmlər müəyyən etmişdir. Konstitusiyanın aliliyini təmin etmək məqsədi ilə ümummilli liderimizin təşəbbüsü ilə 1998-ci ildə Konstitusiya Məhkəməsi yaradılmış, onun fəaliyyətinin təşkili üçün mühüm qanunvericilik və institusional tədbirlər görülmüşdür.
Ötən müddət ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşmış, dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutmuşdur.
Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir.
Hazırda Azərbaycan sosial-iqtisadi inkişafının və hüquqi islahatların keyfiyyətcə yeni mərhələsini yaşayır. Konstitusiya Məhkəməsi öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalı, qanunun aliliyinin təmin edilməsi, Konstitusiyaya hörmət və ehtiramın aşılanması məqsədlərinə xidmət etməli, onun qərarları hüququn mötəbər mənbəyinə çevrilməlidir.
Azərbaycan dövləti qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Konstitusiya Məhkəməsi də xarici ölkələrin konstitusiya nəzarəti orqanları və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurmalı və bu əlaqələr milli və beynəlxalq hüququn qarşılıqlı bəhrələnməsinə töhfə verməlidir. Konstitusiya Məhkəməsinin yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq konfrans məhz bu məqsədə xidmət edir.
Hörmətli Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşları!
Sizi bir daha bu əlamətdar tarixlə təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2008-ci il.