AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Oktyabrin 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
2 noyabr 2002-ci ildə Azərbaycan Respublikasının bələdiyyələrinə keçiriləcək yeni seçkilərlə bağlı məsələlərə baxılmışdır.
Komissiya bələdiyyələrə seçkilər üzrə 75 saylı Şəmkir ərazi seçki komissiyasının üzvü Nizami Bəhmən oğlu Məmmədovun verdiyi ərizəsi əsasında komissiya üzvlüyündən azad edilməsini qərara almışdır.
İclasda “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri ilə bağlı seçki bülleteninin və digər seçki sənədlərinin nümunələri müzakirə edilərək təsdiq olunmuşdur.
Komissiya “Bələdiyyələrə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması və yoxlanılması Qaydaları”nın yeni mətnini də təsdiq etmişdir.
Sonda Məzahir Pənahov Almaniya Bundestaqına seçkilərin gedişini müşahidə etmək məqsədi ilə sentyabrın 19-dan 23-dək Berlində olması barədə məlumat vermişdir.
İclas iştirakçıları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və sədrin müavini Svetlana Qasımovanın Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının “Avropa ölkələrinin qanunvericiliyində və praktik fəaliyyətində beynəlxalq seçki standartları” mövzusunda Moskvada keçirilmiş Konfransda və Assosiasiyanın Baş Assambleyasının illik iclasında iştirakları və həmin konfransda Azərbaycanın bu mötəbər beynəlxalq quruma üzv seçilməsi, habelə MSK-nın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun Serbiya Respublikasında prezident seçkilərində müşahidəçi missiyasını yerinə yetirməsi barədə ətraflı məlumatlandırılmışlar.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nin Mətbuat xidməti