AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikasında daxili bazarın şampan şərabları məhsullarına olan tələbatını tam ödəmək, şampan şərabları məhsulları istehsalını inkişaf etdirmək və bu növ məhsulların istehsalı üçün istifadə olunan şampan materiallarının respublikaya xarici ölkələrdən gətirildiyini nəzərə alaraq Nazirlər Kabinetinin qəbul etdiyi 28 oktyabr 2002-ci il tarixli 164 nömrəli qərara əsasən “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin 1-ci sütununda “220300” mal mövqeyindən və 2-ci sütununda 1 ölçü vahidi üçün onun aksiz dərəcəsindən sonra müvafiq olaraq “220430100” və “1 litr üçün 0,05 ABŞ dolları” rəqəm və sözləri əlavə edilmişdir.
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 22-ci mal qrupunda “220430100” mal mövqeyinin “15” tarif dərəcəsi “0,5” tarif dərəcəsi ilə əvəz olunmuşdur.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli Fərmanının 1-ci bəndinin 5-ci, 8-ci abzaslarının və 2-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 28 oktyabr 2002-ci il tarixli 165 nömrəli qərara əsasən “Güzəştlərin həcmi və tətbiqi Qaydası” təsdiq edilmişdir.
“Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu” təsdiq olunmuşdur.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.5 maddəsinə uyğun olaraq bölünən hissələrin məbləği 250 (iki yüz əlli) milyon manat müəyyən edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 28 oktyabr 2002-ci il tarixli 166 nömrəli qərara əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”nin 3.1-ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilmişdir:
“Bu Əsasnamənin 1.2-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi üçün maliyyə vəsaiti müvafiq layihələr üzrə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilən texniki tapşırıq əsasında ayrılır.”;
həmin bəndin 2-ci cümləsində “250 (iki yüz əlli) milyon manatdan” sözlərindən sonra “və icra müddəti bir ildən” sözləri əlavə edilmişdir.
Əsasnamənin 4.1-ci bəndinin 1-ci cümləsində “işlərin (və ya ayrı-ayrı işlərin) yerinə yetirilməsi və” sözləri “işlər (və ya ayrı-ayrı işlər) üzrə təkliflərin seçilməsi və yerinə yetirilmiş işlərin” sözləri ilə əvəz olunmuşdur.
Əsasnamənin 4.3-cü bəndinin 1-ci abzası aşağıdakı redaksiyada verilmişdir:
“Bu Əsasnamənin 1.2-ci bəndində təsbit olunan işlərin görülməsi üçün təkliflər (sifarişlər) növbəti büdcə ilinin başlanmasına üç ay qalmış bu işləri yerinə yetirən nazirlik, idarə və təşkilatlar tərəfindən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim olunur.”.
Birinci abzasdan sonra aşağıdakı redaksiyada yeni abzas əlavə olunmuşdur:
“Təkliflərdə (sifarişlərdə) layihələrin qısa məzmunu, məqsədi, icra müddəti, xərclər smetası, idarə olunma sxemi, strukturu, rəhbəri və icraçıları barədə məlumatlar verilir.”.
Əsasnamənin 4.4-cü bəndinin 2-ci abzasında “işləri” sözündən sonra “dövlət büdcəsində “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində müəyyən olunan vəsait çərçivəsində” sözləri əlavə edilmişdir.
Əsasnamənin 4.5-ci bəndində “təklifinə” sözündən sonra “baxır və” sözləri çıxarılmış və “müvafiq” sözündən əvvəl “əsasən layihələrin maliyyələşdirilməsi haqqında” sözləri əlavə olunmuşdur.
Əsasnamənin 4.6-cı bəndi aşağıdakı redaksiyada verilmişdir:
“4.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığı Nazirlər Kabinetinin qərarı (sərəncamı) ilə ayrılmış vəsait çərçivəsində yerinə yetiriləcək işlərin dəyərinin 30 faiz avans halında qalan hissəsi isə mərhələlərlə icraçı təşkilatların hesabına köçürür.”.
Əsasnamənin 4.7-ci bəndindən sonra aşağıdakı redaksiyada yeni 4.8-ci bənd əlavə edilmişdir:
“4.8. “İqtisadi İnkişaf Nazirliyində icraçı təşkilatların rəhbərlərinin və müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə layihələrin yerinə yetirilməsi və onlara çəkilən xərclərin düzgünlüyü müzakirə edilib İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra, işlər yekunlaşdırılmış hesab edilir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.”.
Əsasnamənin 4.8-ci bəndi 4.9-cu bənd hesab edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.