AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Milli bayramınız – Respublika günü münasibətilə səmimi təbrikləri qəbul edin.
Son illər Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi həyatın müxtəlif sahələrində qazandığı uğurlar Azərbaycan rəhbərliyinin seçdiyi və ümummilli dəstək almış, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasının əsası olmuş xəttin düzgünlüyünü təsdiq edir.
Sizin bu ilin fevralında Moskvaya rəsmi səfəriniz ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər açmışdır. Əminəm ki, biz əlbir səylərimizlə Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlərdə qarşılıqlı surətdə faydalı birgə fəaliyyətin daha da genişlənməsini təmin edəcəyik. Məhz belə münasibətlər – hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri Rusiyanın və Azərbaycanın mənafelərinə cavab verir, Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yüksək dövlət vəzifəsində fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
Moskva, Kreml, 22 may 2004-cü il.