AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı ilə əlaqədar Çin hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alilərinizə və Sizin simanızda Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
Son illər Azərbaycan ölkədə quruculuq işində nəzərəçarpacaq uğurlar qazanmışdır. Sabit ictimai vəziyyət müşahidə olunur, iqtisadiyyat inkişaf edir, Azərbaycanın regionda nüfuzu durmadan artır. Yaxşı dostlar kimi, biz bu uğurlara sevinirik və əminik ki, əməksevər və müdrik Azərbaycan xalqı öz Vətəni üçün daha yaxşı gələcək quracaqdır.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu gündən ikitərəfli əlaqələr uğurla inkişaf edir. Siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq və mübadilə durmadan genişlənərək, bir çox uğurlara nail olunmuşdur. Hər iki tərəf beynəlxalq və regional işlərdə səmərəli əməkdaşlığı dəstəkləyir.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 15-ci, yubiley ilidir və hər iki tərəf müxtəlif bayram tədbirləri təşkil etmişdir. Fürsətdən istifadə edərək bildirirəm ki, biz Çin ilə Azərbaycan arasındakı ənənəvi dostluğu bundan sonra da möhkəmləndirməyə, bütün sahələrdə konkret əməkdaşlığa kömək etməyə, ölkələrimizin münasibətlərini durmadan irəlilətməyə və hər iki ölkənin xalqları üçün firavanlıq yaratmağa hazırıq.
Ölkənizə tərəqqi və xalqınıza rifah arzulayıram.
Sizə möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram.
Xu Szintao
Çin Xalq Respublikasının sədri