AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı ilə əlaqədar Zati-alilərinizə və Sizin simanızda dost Azərbaycan xalqına Çin hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamları və xoş arzuları çatdırıram.
Biz şadıq ki, son illər Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanda sabit siyasi vəziyyət, iqtisadiyyatın sürətli inkişafı, xalqın rifah halının xeyli yüksəlməsi müşahidə olunur və Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənir.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu gündən ikitərəfli əlaqələr sağlam şəkildə və sabit inkişaf edir. Siyasi, ticarət-iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlıq və mübadilə durmadan dərinləşmiş, böyük uğurlar əldə edilmişdir. Beynəlxalq məsələlərdə hər iki tərəf yaxşı əlaqələr qurmuşdur.
Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə müxtəlif sahələrdə konkret işgüzar əməkdaşlığı gələcəkdə də genişləndirməyə və dərinləşdirməyə, ikitərəfli ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın inkişafını durmadan irəlilətməyə hazırdır.
Ölkənizə tərəqqi, xalqınıza xoşbəxtlik və rifah arzulayıram.
Sizə möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram.
Xu Szintao
Çin Xalq Respublikasının Sədri