AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Azərbaycanda keçirilmiş prezident seçkilərində qələbəniz münasibətilə Sizi şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından təbrik edirəm.
Növbəti müddətə Prezident seçilməyiniz və bu seçkilərdə inamlı qələbəniz göstərir ki, Azərbaycan xalqı Sizin şəxsinizdə onu tərəqqiyə və ölkədə həyat şəraitinin yaxşılaşmasına doğru aparan Liderini görür. Siz kənar müşahidəçilərin çoxunun fikrincə, demokratik şəraitdə keçmiş seçkilərlə həqiqətən fəxr edə bilərsiniz. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu möhkəmlətməklə həmişə regionda sabitliyin təminatçısı olmuşdur və əminəm ki, bundan sonra da belə olacaqdır.
Biz Sizi öz ölkəsinin böyüməkdə olan nəslinin taleyinə qayğı göstərən, tələbə gənclərin bir çox təşəbbüslərini fəal surətdə dəstəkləyən uzaqgörən siyasətçi kimi tanıyırıq. Əminəm ki, Sizin ali dövlət vəzifəsində gələcək fəaliyyətiniz Azərbaycanın sosial-iqtisadi inkişafına, onun beynəlxalq nüfuzunun yüksəlməsinə və Rusiya-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə möhkəmlənməsinə kömək edəcəkdir.
Bu il Bakı şəhərində MDU-nun filialı açılmışdır. Bu, səmərəli və faydalı əməkdaşlığa gözəl nümunədir. Sizi əmin etmək istəyirəm ki, Moskva Universiteti ümumi məqsədlərimizə - təhsilin və elmin tərəqqisinə nail olmağa bundan sonra da öz imkanları daxilində töhfə verməyə hazırdır. Mən ürəkdən şadam ki, dövlət başçısı kimi Siz Azərbaycanın gənc nəslinin təşəbbüslərini və səylərini həmişə dəstəkləmisiniz. Əminəm ki, gələcəkdə də bizim dialoqumuz ali təhsilin səviyyəsini yüksəltmək məqsədi ilə müştərək proqramların inkişafına kömək edəcəkdir.
Səmimi hörmətlə, Sizin
Viktor Sadovniçi
M.L.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər
Akademiyasının vitse-prezidenti