AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Slovakiya Respublikasının Prezidenti Zati-aliləri İvan Qaşparoviçin təbrikinə qoşulmaqdan və Sizi səmimi qəlbdən təbrik etməkdən böyük sevinc duyuram. Eyni zamanda, icazə verin, bu çətin və məsuliyyətli işin yerinə yetirilməsində Sizə möhkəm cansağlığı, şəxsi səadət və böyük uğurlar arzulayım.
Zati-aliləri, 2008-ci ilin aprel ayında Azərbaycan Respublikasına səfərim zamanı məni qəbul etdiyinizə görə Sizə bir daha səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Sizinlə şəxsən görüşmək imkanını çox yüksək qiymətləndirirəm, bu görüş dövlətlərimiz arasında əməkdaşlığın uğurla inkişaf etdirilməsinə Sizin marağınızı və bu işə şəxsi töhfənizi təsdiq etdi.
Qəti əminəm ki, Slovakiya-Azərbaycan münasibətləri bundan sonra da xalqlarımız arasında mövcud olan ən yaxşı ənənələr ruhunda inkişaf edəcəkdir. Slovakiya Respublikası bundan sonra da Azərbaycan Respublikası ilə tərəfləri qarşılıqlı surətdə zənginləşdirən əlaqələri və tərəfdaşlıq dialoqunu dəstəkləməyə hazırdır.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Yan Kubiş
Slovakiya Respublikasının xarici işlər naziri
Bratislava, 22 oktyabr 2008-ci il.